
İlham Quliyev: Naxçıvanda su təsərrüfatı infrastrukturunun bərpası istiqamətində işlər aparılır
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının yaxşılaşdırılması məqsədilə həm içməli, həm də suvarma suyu ilə bağlı bir sıra layihələr həyata keçirilir.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.
O qeyd edib ki, “Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”, eləcə də “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün ‘Araz-1’ və ‘Araz-2’ nasos stansiyalarının yenidən qurulması” layihələri həyata keçirilir.
İlham Quliyev bildirib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən doqquz ay əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib:
“Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə istiqamətində mühüm işlər görülüb".
Sədr müavini əlavə edib ki, “Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi başa çatıb, tender müsabiqələri keçirilib və qalib podratçılarla müqavilələr bağlanıb. Artıq tikinti-quraşdırma işlərinə start verilib".
Onun sözlərinə görə, “Arpaçay sağ və sol sahil magistral kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində 240 hektar sahə üçün qapalı suvarma və drenaj şəbəkəsinin tikintisi” və “Gilançaydan Culfa və Babək rayonlarının 1600 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması” layihələri üzrə də hazırlıq mərhələsi yekunlaşmaq üzrədir.
İlham Quliyev vurğulayıb ki, “Həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsinə, eləcə də suvarma və içməli su təminatının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu sahədə görülən işlər gələcəkdə həm su itkilərinin qarşısının alınmasına, həm də ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcək".
Müsahibəni hazırladı:
Mətin Kamal