
Tural Quliyev: Muxtar respublika ərazisində 15 ədəd 120 kilovat gücündə enerji doldurma məntəqəsi quraşdırılıb
Prezident İlham Əliyevin Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı müvafiq Sərəncama əsasən, şəhər üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq. Hazırda şəhər daxilində əsas nəqliyyat xətləri boyunca elektrik kabellərinin çəkilişi və şarj stansiyalarının quraşdırılması işləri sürətlə davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan şəhər Elektrik Şəbəkəsinin rəisi Tural Quliyev bildirib.
O qeyd edib ki, Dövlət başçısının tapşırığına uyğun olaraq Naxçıvan şəhərində sərnişindaşıma xidmətləri yalnız ətraf mühitə zərər vurmayan elektrikli avtobuslarla təşkil ediləcək.
Onun sözlərinə görə, elektroavtobusların fasiləsiz və effektiv işləməsini təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən mühüm infrastruktur layihəsi icra olunur. Bu çərçivədə Naxçıvan şəhərində, hər birinin gücü 2500 kVA olmaqla, 6 ədəd transformatorun quraşdırılması nəzərdə tutulub.
"Transformatorlar 110/35/10 kilovoltluq Naxçıvan yarımstansiyasından 1500 metr, həmçinin 110/35/10 kilovoltluq Xalçaçılıq yarımstansiyasından 1200 metr məsafədən iki dövrəli kabel xətləri ilə qidalanacaq. Hazırda bu işlərin 70-80 faizi icra olunub. Bununla yanaşı, muxtar respublika ərazisində 15 ədəd 120 kilovat gücündə enerji doldurma məntəqəsi quraşdırılıb, istifadəyə verilib ki, bunun 7 ədədi Naxçıvan şəhərindədir. Həmçinin 3 ədəd 320 kilovatlıq elektrikli avtobuslar üçün enerji doldurma məntəqəsi quraşdırılıb, 13 ədədi isə quraşdırılacaq", - deyə o qeyd edib.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin rəisi Tural Quliyev bildirib ki, layihə tam yekunlaşdıqdan sonra yeni elektroavtobuslar qısa müddətdə enerji ilə doldurulacaq və şəhər sakinlərinin istifadəsinə təqdim ediləcək.
Nəticədə Naxçıvanda ictimai nəqliyyat elektrikləşdiriləcək, karbon emissiyaları əhəmiyyətli dərəcədə azalacaq, hava keyfiyyəti yaxşılaşacaq və şəhər daha ekoloji təmiz mühitə qovuşacaq.
Müsahibəni hazırladı:
Mətin Kamal