Naxçıvanda 204,3 hektar ərazidə meşəsalma və meşəbərpa işlərinin aparılması nəzərdə tutulur

Naxçıvanda 204,3 hektar ərazidə meşəsalma və meşəbərpa işlərinin aparılması nəzərdə tutulur - MÜSAHİBƏ

16 Oktyabr 2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə təfsilatlı tədbirlər planına uyğun olaraq cari ilin yaz və payız əkin mövsümündə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 204,3 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulmuşdur.

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində  Naxçıvan MR Ekologiya Və Təbii Sərvətlər Nazirliyininin Ekoloji siyasət və təşkilati protokol şöbəsi, təşkilati-protokol sektorunun müdiri Gülşən Cəfərova bildirib. 

O qeyd edib ki, bu məqsədlə ərazilərə baxış keçirilmiş, ilkin qiymətləndirmə işləri aparılmış və torpaq sahələri KMZ formatında elektronlaşdırılmışdır. Torpaq hazırlığı mərhələsində texnika vasitəsilə şırımlar açılmış, çalalar qazılmış və əkin üçün zəruri şərait yaradılmışdır.

Onun sözlərinə görə, 2025-ci ilin yaz əkin mövsümündə Nazirlik tərəfindən 12 hektar sahədə meşəsalma, 36,5 hektar sahədə meşəbərpa tədbirləri, 66,3 hektar sahədə toxumla əkin işləri görülmüş, 1,2 hektar ərazidə toxmacarlıq sahəsi yaradılmışdır. Ümumilikdə 995 kq toxum səpilmiş, 27 400 ədəd müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilmiş, torpağın münbitliyinin artırılması məqsədilə əkin-bərpa aparılmış ərazilərə 12 ton üzvi gübrə verilmişdir.

Sektor müdiri bu ilin yaz əkin mövsümündə görülən işlər haqda da məlumat verib:

"102 hektar sahədə meşəsalma və meşəbərpa tədbirlərinin aparılması planlaşdırılmış, faktiki olaraq bu işlər 116 hektar sahədə icra edilmişdir ki, bu da 114 faiz yerinə yetirmə deməkdir".

"Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında yaşıllıqların genişləndirilməsi, torpaq və bitki örtüyünün qorunması, eləcə də ekoloji tarazlığın gücləndirilməsi sahəsində əhəmiyyətli irəliləyiş əldə edilmişdir"- deyə qurum rəsmisi qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı