Naxçıvan təhsilinə ömrünü həsr edən Məfkurə Süleymanova 80 yaşını qeyd edir -

Naxçıvan təhsilinə ömrünü həsr edən Məfkurə Süleymanova 80 yaşını qeyd edir - FOTO

10 İyul 2026

Təhsil naziri uzun illər təhsil sahəsində müəllim və  direktor vəzifələrində çalışmış Məfkurə Süleymanovanı 80 illik yubileyi münasibətilə ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbə uzun illər rəhbərlik etmiş, təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən Məfkurə Süleymanovanı 80 illik yubileyi münasibətilə ziyarət edib.

Səmimi görüş zamanı nazir Məfkurə Süleymanovanı əlamətdar yubileyi münasibətilə təbrik edərək onun Naxçıvan təhsilinin inkişafına verdiyi dəyərli töhfələri yüksək qiymətləndirib, uzunmüddətli pedaqoji və idarəçilik fəaliyyətinin gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Görüşdə yubilyara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulanıb, təhsillə bağlı müzakirə edilib.

Qeyd edək ki, Məfkurə Süleymanova 1985–2010-cu illərdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülüb.