Naxçıvanda 9 ünvanda qurbanlıq  heyvanların satışı və kəsimi təşkil olunacaq

Naxçıvanda 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq

13 May 2026

Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü hesab olunan Qurban bayramı bu il ölkəmizdə 27-28 may tarixlərində qeyd ediləcək. Bayram münasibətilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Agentlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun, eyni zamanda vətəndaşlar üçün rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 9 ünvanda xüsusi xidmət məntəqələri təşkil olunacaq. Həmin məntəqələrdən 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz edilmiş səyyar heyvan kəsimi çadırları olacaq.

Qeyd olunub ki, məntəqələrin 7-də həm qurbanlıq heyvanların satışı, həm də kəsimi, 2-də isə yalnız diri heyvanların satışı həyata keçiriləcək. Satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçirilmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanların satışı, alınması və kəsdirilməsi üçün həmin xidmətlərdən istifadə edə bilərlər.