Yaz imtahan sessiyası nə vaxt başlayır?
Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Nazirlikdən məlumat verilib.
Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla 5 həftə müddətində keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yekun hesabat təqdim etməlidirlər.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, bu hallara yol vermiş şəxsləri müəyyənləşdirərək onlar barəsində tədbirlərin görülməsini təmin etsin və nəticə barədə Nazirliyi məlumatlandırmalı, imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etməli, ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışı Nazirliyə müzakirə üçün təqdim etməlidir.








