
Naxçıvanda ötən həftə ərzində 8 yanğın hadisəsi baş verib
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 8 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Belə ki, Şərur rayonu Siyaqut kəndində fərdi yaşayış evində, Babək rayonunun Nehrəm qəsəbəsində yük avtomobilində, Ordubad rayonu Darkənd kəndində ot bağlamalarında, eləcə də Babək rayonunun Payız, Şərur rayonunun Maxta, Şahbuz rayonunun Badamlı kəndlərində, Babək şəhərinin Qoşadizə məhəlləsində və Şahbuz şəhərində həyətyanı, quru otluq sahələrdə yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.
Həmçinin Şərur rayonunun Çomaxtur kəndində avtonəqliyyat qəzası zamanı xəsarət alan sürücü xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.