Naxçıvanda “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan olunub

Naxçıvanda “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” elan olunub

05 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi" elan edib. Müsabiqənin əsas məqsədi milli mədəniyyətin və incəsənətin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi, ifaçılıq sahəsində istedadlı şəxslərin üzə çıxarılması və onların yaradıcılıq potensialının dəstəklənməsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 5 iyun–1 oktyabr 2025-ci il tarixləri arasında doldurulmuş ərizə-anket və şəxsiyyət vəsiqəsinin surətini Nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya at.informasiya@nculture.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində təşkil olunacaq və iki yaş qrupu (12–19 yaş və 20 yaşdan yuxarı) üzrə keçiriləcək. Hər bir iştirakçı Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazılmış 2 mahnısını canlı olaraq ifa etməlidir. Müşayiət canlı və ya minus şəklində ola bilər, lakin onu iştirakçı özü təmin etməlidir. Təhsil tələbi yoxdur.

Hər yaş qrupu üzrə birinci yerə 500 AZN, ikinci yerə 300 AZN, üçüncü yerə isə 200 AZN məbləğində pul mükafatı veriləcək. Eyni zamanda fərqlənən iştirakçılar Nazirliyin fəxri fərmanları ilə təltif olunacaqlar.

Müsabiqə şərtləri və ərizə anketi ilə nculture.gov.az saytında tanış olmaq mümkündür.