Naxçıvanda yeni stolüstü tennis avadanlıqlarına baxış keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Tennis Federasiyası ilə qurulmuş əməkdaşlıq əlaqələri regionda aid idman növlərinin inkişafı üçün əsaslı zəmin yaratmışdır. Nazirliyin Naxçıvanda stolüstü idman növünün inkişafını, gələcək potensialını, o cümlədən gənclərin bu sahəyə olan marağını nəzərə alaraq federasiyaya etdiyi müraciət müsbət dəyərləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, danışıqların nəticəsi olaraq federasiya tərəfindən Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinə 4 stolüstü tennis masası, 8 raketka və toplar hədiyyə olunub.
Fevralın 20-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov avadanlıqlara baxış keçirib. Nazir müavini federasiyanın bu addımını həm əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həm də regionda stolüstü tennis idman növünün inkişafına mühüm töhfə kimi qiymətləndirib, avadanlıqların səmərəli istifadəsi və qorunmasının vacibliyini diqqətə çatdırıb.
Stolüstü tennis avadanlıqlarının say artımı yarışlarda vaxt itkisinin qarşısının alınması, keyfiyyətli oyunların təşkili və təşkilatçılıq baxımından önəmlidir.












