Ölkədə elektrik enerjisinə tələbat tarixi sərhədi aşdı

Ölkədə elektrik enerjisinə tələbat tarixi sərhədi aşdı

08 Avqust 2025

Avqustun 6-si saat 15.00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında tempratur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Hazırda “AzərEnerji” ASC nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.