
Qarabağ Universitetinin tələbələri vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunublar
Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən və 2 ay davam edəcək fəaliyyətin əsas məqsədi ikitərəfli faydalı əməkdaşlığın genişləndirilməsi, gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarədir. Tələbələr üçün Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları, hüquq və vəzifələri, dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri, məlumat təhlükəsizliyi, könüllülük fəaliyyətinin məqsədi və motivasiya mövzuları üzrə təlimlər təşkil edilir.
Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində bu prosesin gələcəkdə də davam etdirilməsi, tələbələrin yaradılmış imkanlardan maksimum faydalanması üçün vergi orqanlarında hər bir şəraitin yaradılması nəzərdə tutulur.