Şərurda məişətdə dəm qazı təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib -

Şərurda məişətdə dəm qazı təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

24 Noyabr 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişətdə dəm qazı təhlükəsizliyi: səbəblər, risklər və qorunma yolları” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Zellabdinova giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Faiq Səfərov və Turqay Həşimli, Ədliyyə Nazirliyinin əməkdaşları Rafiq Cəfərov və Şahin Rəhimov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mircamal Seyidov, Səhiyyə Nazirliyinin əməkdaşı Nəzrin Əliyeva, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin əməkdaşı Əli Hüseynov mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda qış mövsümündə qaz cihazlarından və müxtəlif isitmə vasitələrindən istifadənin artması ilə əlaqədar dəm qazından zəhərlənmə riskinin yüksəldiyi diqqətə çatdırılıb. Dəm qazının rəngsiz və iysiz olması, nasaz qaz avadanlıqları, tüstü bacalarının tutulması və havalandırma sistemlərinin düzgün işləməməsinin yaratdığı təhlükələr barədə məlumat verilib.

Həmçinin dəm qazından zəhərlənmənin əsas səbəbləri, ilkin əlamətləri, belə hallarda görülməli tədbirlər və təhlükədən qorunma qaydaları iştirakçılara slaydlar vasitəsilə izah olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.