Uşaqlarda nitq və inkişaf gecikmələri nə zaman ciddi siqnal yaradır?
Mövzu ilə bağlı Naxçıvan Qüsursuz Nitq Mərkəzinin icraçı direktoru, defektoloq Leyla Kərim "NAXÇIVANXƏBƏRLƏRİ"-nə valideynlərin diqqət etməli olduğu əsas məqamları şərh edib.
Uşaq nitqində hansı əlamətlər "keçəcək" yanaşması deyil, dərhal defektoloqa müraciət tələb edir?
Defektoloq bildirib ki, uşağın inkişafında təkrarlanan və davamlı gecikmələr müşahidə olunursa, gözləmək üçün heç bir əsas yoxdur. Xüsusilə nitq, davranış, anlama və sosial ünsiyyətdə problemlər varsa, mütləq mütəxəssisə müraciət edilməlidir. Xəbərdaredici əlamətlər bunlardır:
—1 yaşa qədər uşaq səslənmirsə, qığıldamırsa.
— 1,5–2 yaşda hələ də söz yoxdursa.
— 2–3 yaşda sözləri birləşdirmirsə.
— Nitqi çox anlaşılmazdırsa
Söz ehtiyatı artmırsa və ya geriləmə varsa.
Bunlar "keçəcək mərhələ" yox, mütəxəssis siqnalıdır. Nitqin gecikməsi çox vaxt erkən müdaxilə ilə aradan qalxır. "Başa düşürsə, deməli problem yoxdur" düşüncəsi isə yanlışdır, nitqin formalaşması üçün mütləq yönləndirmə lazımdır.
Nitqin gecikməsi intellektual problemlə eynidirmi?
Defektoloqun sözlərinə görə, valideynlərin ən çox qorxduğu və səhv saldığı məsələ budur:
"Nitqin gecikməsi hər zaman intellektual gerilik demək deyil. Bu, geniş yayılmış, amma yanlış yanaşmadır".
Uşaqların böyük bir hissəsində problem yalnız ifadəedici nitqdə olur. Düşünmə və anlama isə yaşına uyğundur. Valideynlər danışığa yox, ilk növbədə anlamaya diqqət etməlidir:
Deyilənləri başa düşürmü?
Sadə tapşırıqları yerinə yetirirmi? Oyuncağı məqsədinə uyğun istifadə edirmi? Jest, baxış və mimika ilə ünsiyyət qururmu? Bu bacarıqlar mövcuddursa, problem çox güman ki, yalnız nitqin gecikməsidir.
İntellektual gecikmədə isə:
Anlamada zəif olur, yaşına uyğun oyun bacarıqları formalaşmır, səbəb–nəticə əlaqəsi qurulmur, yeni bacarıqlar çox çətin və yavaş öyrənilir.
Ən zərərli yanlış düşüncə isə budur:
"Danışmırsa, deməli başa düşmür". Bu fikir valideyni uşağa az danışmağa, onu passivləşdirməyə və mütəxəssisə gec müraciət etməyə aparır.
Telefon, planşet və televizor kimi amillər nitqi necə təsir edir?
"Ekranlar uşağın nitq və diqqət inkişafında canlı ünsiyyəti əvəz edir və əsas problem də buradan başlayır.
Uşaq eşidir, amma cavab vermir. Dialoq olmadığı üçün söz yaranmır, söz ehtiyatı azalır, gec danışma ortaya çıxır. Sürətli görüntülər beyni səthi diqqətə alışdırır. Nəticədə uşaq dinləyə bilmir, tez darıxır, fokus saxlaya bilmir. Canlı ünsiyyət zamanı yaranmalı olan sinir bağlantıları formalaşmır.
Ən riskli dövr 0–3 yaşdır:
0–2 yaşda ekran vərdişi nitqin formalaşmasını birbaşa ləngidir. 3 yaşdan sonra zərər qismən geri çevrilə bilər, lakin vaxt və terapiya tələb edir
Uzunmüddətli və nəzarətsiz istifadə diqqət problemlərini davamlı edə bilər
Ekran uşağı sakitləşdirir, amma nitqi susdurur", –deyə, defektoloq qeyd edib.
Erkən müdaxilə uşağa nə qazandırır?
Defektoloq bildirib ki, erkən müdaxilənin uşağın potensialını qorumağına səbəb olur. 1–3 yaşda başlayan müdaxilə ilə, 2 yaşda söz yaranır, 3 yaşda cümlə formalaşır, 4 yaşda ünsiyyət bacarığı möhkəmlənir. Müdaxilə 4–5 yaşa qalanda isə uşaq artıq inkişaf etmir, itirilmiş boşluğu doldurmağa çalışır. Nitq, diqqət və özünəinam zamanla yarışır.
Erkən başlayan uşaq irəli gedir, gecikən uşaq gerini kompensasiya edir.
Defektoloqun işi harada bitir, ailənin məsuliyyəti harada başlayır?
Leyla Kərim defektoloqun işi kabinetdə istiqamət verməklə bitdiyini, əsas məsuliyyət ailənin üzərinə düşdüyünü vurğulayıb:
Mütəxəssis bacarığı formalaşdırır, valideyn onu yaşadır. Valideyn passiv qaldıqda heç bir mütəxəssis nəticə ala bilmir. Çünki inkişaf həftədə bir saatlıq seansda yox, uşağın hər gün eşitdiyi, gördüyü və yaşadığı ünsiyyətdə baş verir.
Müsahibəni hazırladı:
Nəzrin Umay








