Zaur İbrahimov: Rəqəmsal hökumət və ASAN xidmət korrupsiya ilə mübarizədə əsas dönüş nöqtəsidir
Azərbaycan Respublikası QHT-lərinə Dövlət Dəstəyi Agentliyi və Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçuları üçün korrupsiya ilə mübarizə mövzusunda təlim keçirilib.
Təlim “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov tərəfindən aparılıb.
Təlimdən sonra "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verən Zaur İbrahimov bildirib ki, ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər artıq real və müsbət nəticələrini verməkdədir.
Onun sözlərinə görə, ötən illərin statistik göstəricilərinə nəzər saldıqda qeydə alınmış korrupsiya faktlarında azalma müşahidə olunur.
Zaur İbrahimov qeyd edib ki, son illərdə rəqəmsal hökumət infrastrukturunun genişləndirilməsi və mobil tətbiqlərin istifadəsinin artması korrupsiya ilə mübarizədə ən vacib addımlardan biri hesab olunur.
O, həmçinin ASAN xidmət mərkəzlərinin fəaliyyətinin bu sahədə mühüm irəliləyişlər yaratdığını vurğulayıb.
“Son iki ildə korrupsiya cinayətlərində azalma müşahidə olunur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 13 mindən çox müraciət daxil olub və onlardan 300-dən çoxu cinayət materialı kimi icraata yönəldilib”, – deyə Zaur İbrahimov bildirib.
Müsahibəsində o, həyata keçirilən institusional və hüquqi islahatların korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaltdığını, bu prosesin vətəndaşlara göstərilən xidmətlərin daha şəffaf, operativ və əlçatan formada həyata keçirilməsinə imkan yaratdığını da qeyd edib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








