Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb

01 İyul 2025

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının öldürdüyü azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların meyitləri xüsusi ekspertiza ilə müayinə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gecə yarısı meyitlərin müayinəsi başa çatıb:

"Biz meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında tibbi şahadətnamələrinə baxmışıq. Hüseyn Səfərovun meyitinin müayinəsi zamanı küt alətlə qətlə yetirildiyi məlum olub. Onun ölüm haqqında şəhadətnaməsində travma nəticəsində öldüyü qeyd olunmuşdu. Biz meyiti müayinə edərkən çoxlu sayda travma müəyyən etmişik. Burun sümüklərinin sınığı, döş qəfəsi deformasiyaya uğrayıb, gözətrafı nahiyədə 14-12 sm sahədə qançır var. Üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol nahiyələrində qançır, döş qəfəsinin arxa səthində iki ədəd qançır, əllərdə qançır, sol ayağında və xayalarda qançır müəyyən olundu. Hər iki budda çoxsaylı qançır, sol budun iç səthinin zolaq şəkilli sıyrığı, sol baldırın arxa iç səthinin sıyrığı, sol budun 17 sm ölçüdə sıyrığı müəyyənləşib. Sonra meyitdə daxili müayinə həyata keçirildi. Biz şübhələnirdik ki, zədələnmiş yerlər kəsilib götürüləcək. Meyitin daxili müayinəsi zamanı başında küt alətlə zərbə, baş beynin sərt və yumşaq qişasında qansızmalar, döş qəfəsində 7-8 qabırğanın yer dəyişən sınıqları müəyyən edildi. Biz qaraciyərin kəsilmiş, cırılmış yerlərini tapdıq. Qabırğaarası əzələlərdə də qansızmalar müəyyən olundu. Diafraqmada da geniş qansızmalar var idi. Qarın boşluğunda peritonun partlaması nəticəsində qansızma müəyyın edildi".