
23 illik elmi yüksəliş
Müasir qloballaşan dünyada hər bir dövlətin milli inkişafı, sosial rifahı və davamlı tərəqqisi yalnız onun elmi-tədqiqat potensialı, intellektual resursları, innovasiya qabiliyyəti və mədəni-mənəvi irsinin yüksək səviyyədə olması ilə müəyyənləşir. Çünki bu faktorlar ölkədə iqtisadi inkişafı sürətləndirir, insan kapitalının formalaşmasını təmin edir və cəmiyyətin ümumi intellektual səviyyəsini yüksəldir. Hazırda ictimai həyatın elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmədən uğur qazanmaq mümkün olsun.
Xalqın intellektual inkişafı, milli dəyərlərin qorunması, elmin gələcək nəsillərə ötürülməsi kimi tendensiyalar hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətini təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri isə danılmazdır. Ümummilli Liderimiz Azərbaycanın ictimai-siyasi həyatına rəhbərlik etdiyi bütün dövrlərdə elmin inkişafına, bu sahədə kadr potensialının formalaşmasına və innovativ düşüncənin təşviqinə xüsusi önəm vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" 1003 nömrəli Sərəncamına müvafiq olaraq təsis edilmişdir. Elm tariximizdə misilsiz dəyərə malik olan bu sənəd qədim Naxçıvan diyarının, orta əsrlərdə olduğu kimi, yenidən zəngin elm mərkəzlərindən birinə çevrilməsinə real imkanlar yaratdı. Regionun müxtəlifyönlü problemlərinin araşdırılıb öyrənilməsinə, burada gənc istedadların elm sahəsinə daha geniş cəlb olunmasına şərait yaratdı.
Naxçıvanda Bölmənin yaradılmasına həsr olunmuş müşavirədə Heydər Əliyev: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var...” nitqini səsləndirdi.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda elmin inkişafına xüsusi diqqət yetirir. Prezidentimiz elmi potensialın artırılmasını və tədqiqatların inkişafını milli prioritetlərdən biri kimi dəyərləndirir. Qabaqcıl texnologiyaların tətbiqinə və elmi tədqiqatların hərtərəfli şəkildə aparılmasının dəstəklənməsinə geniş imkanlar yaradır. İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycan elminin müasir tələblərə cavab verməsinin və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasının vacibliyini vurğulamışdır.
İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən sahə məhz elm və onun inkişafıdır. Buna görə də AMEA-nın fəaliyyəti hər zaman Prezidentimizin diqqət mərkəzində olmuşdur. “Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır”,-deyən Prezident İlham Əliyev Azərbaycanın inkişafında elmin əhəmiyyətinə diqqət çəkmişdir.
AMEA Naxçıvan Bölməsi yarandığı ilk gündən etibarən elmin formalaşmasına, inkişafına yönəlmiş, ziyalıları öz işığına toplamış, gənc nəslin elmə marağını artırmış, keçmişi araşdırmaq həvəsi yaratmışdır. Bölmə yarandığı gündən etibarən dinamik inkişaf mərhələsinə daxil olmuş, elmi-tədqiqat potensialı ilə fərqlənmişdir. Bölmənin tərkibindəki Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu və Əlyazmalar Fоndu kimi elmi qurumlar fəaliyyət göstərir. Burada 108 işçi fəaliyyət göstərir, elmi işçi sayı isə 36 nəfərdir. 23 il müddətində Respulikada nəşr olunan monoqrafiya sayı 257, xaricdə isə 34, kitab sayı Respublikada 258, xaricdə 20, elmi məqalə sayı Respublikada 8733, xaricdə isə 2339, tezis sayı Respublikada 157, xaricdə 90-dır. Ümumiyyətlə, AMEA Naxçıvan Bölməsinin fəaliyyəti dövründə 11936 elmi əsər nəşr olunmuşdur.
“Elmi əsərlər” və “Axtarışlar” adlı jurnallar 2005-ci ildə Bölmədə fəaliyyətə başlayan “Tusi” nəşriyyatında dərc olunur. Onu da qeyd edək ki, “Elmi əsərlər” jurnalı 2010-cu ildə beynəlxalq kod almışdır.
AMEA Naxçıvan Bölməsi ABŞ, Rusiya, Polşa, Fransa, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və başqa ölkələrin elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr qurmuşdur. AMEA Naxçıvan Bölməsi ilə Rusiya Federasiyasının Sibir Bölməsi, Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında elm sahəsində əməkdaşlıq haqqında protokol, Türkiyənin Dil Qurumu, Tarix Qurumu, İğdır Universiteti, İran İslam Respublikasının Tehran Universiteti arasında elmi əlaqələrə dair memorandum, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Türkiyənin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında əməkdaşlıq haqqında protokol, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsi ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Dünyanın bir sıra alim və tədqiqatçılarının iştirakı ilə AMEA Naxçıvan Bölməsində və digər ölkələrdə keçirilən “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” (9-10 iyun 2006), “Naxçıvan bu gün: islahatlar, perspektivlər” (5-6 oktyabr 2007), “Nuh peygəmbər, Dünya tufanı və Naxçıvan” (24-25 aprel 2009), “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” (21-23 iyul 2011), “Naxçıvan: ilkin şəhər və Duzdağ” (27-28 iyul 2012), “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” (04-05 iyul 2014), “Naxçıvanda Dədə Qorqud” (26-27 oktyabr 2015), “Naxçıvan qalaları: tarixdə və günümüzdə” (8-10 iyul 2016), “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” (7-8 iyul 2017), “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” (7-8 sentyabr 2018), “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” (5-7 iyul 2019), “Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” (14 avqust 2020), “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” (9 iyul 2021), “Beynəlxalq Dil və Ədəbiyyatda Sağlıq” (16-18 may 2025, Buxara), “Türk filologiya məsələləri” (21-22 may 2025, Fərqanə), “Qərbi Azərbaycan: tarix, mədəniyyət və böyük qayıdış” (13-14 iyun 2025) kimi elmin inkişafına təsir göstərən konfrans və simpoziumları qeyd etmək olar.
AMEA Naxçıvan Bölməsinin tədqiqatçıları hər il elmi ezamiyyələrə göndərilir. Bu günə kimi əməkdaşlar İngiltərənin Milli Arxivlərində, Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi-Tarix Arxivində, Gürcüstan Dövlət Arxivində, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzində, Gürcüstanın Simon Canaşia Muzeyində, habelə tanınmış gürcü şairi Nikoloz Barataşvilinin ev-muzeyində və digər arxiv, muzey və kitabxanalarında olub, orada Azərbaycan tarixi, eləcə də Naxçıvanla bağlı yeni sənəd və materiallar əldə etmişlər.
AMEA Naxçıvan Bölməsi xarici ölkələrin tədqiqatçıları ilə mütəmadi şəkildə əlaqələr saxlayır, elmin müasir problemlərinə dair fikir mübadiləsi aparır. Fəaliyyəti dövründə Bölmə alimlərinin dünyanın bir sıra ölkələrində 34 monoqrafiyası, 20 kitabı, 2339 məqaləsi, 90 tezisi çap olunmuşdur. Elmi məqalələr “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir.
AMEA Naxçıvan Bölməsi beynəlxalq əlaqələrin inkişafına və qorunub saxlanılmasına önəm verir. Bu elm ocağının alimlərinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq qurumların və jurnalların redaksiya heyətinin üzvü seçilməsi beynəlxalq elmi əlaqələrinin inkişafını sübut edir.
AMEA Naxçıvan Bölməsi beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi əməkdaşlığın gücləndirilməsi, tədqiqatçıların nüfuzlu və yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda məqalələrinin dərc olunmasının stimullaşdırılması, eləcə də elmin müxtəlif sahələrində əldə edilən yeniliklərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq səviyyəli simpoziumların, konfransların və seminarların keçirilməsinə xüsusi önəm verir.
Məhsəti CƏFƏRLİ
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı