
Azərbaycan dili daim hüquqi islahatların mərkəzindədir
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev: Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil dövlət atributlarından biridir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır.”
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda xalqın milli kimliyinin, mədəni müstəqilliyinin və suverenliyinin mühüm dayağı, ölkəmizdə tarixən həyata keçirilən hüquqi islahatların mühüm bir istiqaməti kimi daim diqqət mərkəzində olmuşdur. Hələ Azərbaycan SSR dövründə bu istiqamətdə atılan ən mühüm tarixi addımlardan biri Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi idi. O dövrün siyasi kontekstində ali qanun səviyyəsində qəbul edilmiş bu qərar milli özünüdərk və mədəni müstəqillik baxımından əlamətdar bir hadisə olmaqla yanaşı, konstitusion-hüquqi islahatlar baxımdan gələcəyə hesablanmış bir addım idi.
Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı məsələlərə də diqqətlə yanaşırdı. Belə ki, milli-mədəni dəyərlərin qorunması sahəsində müstəsna əhəmiyətə malik olan müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında dövlət dili ilə bağlı məsələlərə diqqət çəkən Ulu Öndər deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir”.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunduqdan sonra Ulu Öndərin rəhbərliyi ilə ana dili ilə bağlı bir sıra sərəncamlar, fərmanlar və strateji sənədlərin qəbul edildi. Ana dilinin hüquqi islahatların obyektinə çevrilməsi bu statusun milli və siyasi əhəmiyyətini bir daha sübuta yetirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və eyni adlı Proqram milli dil siyasətinin hüquqi əsaslarını formalaşdırmaq baxımından mühüm rol oynadı. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün əsl mənasında, bərqərar edildi, latın qrafikasına keçid prosesi başa çatdırıldı. Ulu Öndər Heydər Əliyevin 2001-ci il avqustun 9 tarixli qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlandı.
30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Sənəddə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanunla Konstitusiyamızda təsbit olunmuş Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu bir daha nizamlandı.
Bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən bu strateji xətt çərçivəsində Azərbaycan dilinin normativ bazasının möhkəmləndirilməsi, hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə institusional səlahiyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Dövlət Dil Komissiyasının yaradılması, Azərbaycan dilinin elektron mühitdə istifadəsi ilə bağlı normativ çərçivələrin hazırlanması, müxtəlif strateji sənədlərdə dil məsələsinin prioritet kimi qeyd olunması, bu sahədə milli siyasətin davamlılığını və ardıcıllığını təmin edilməsi cənab Prezidentin Azərbaycan dilinin qorunması və inkişafına göstərdiyini diqqət və qayğının bariz nümunəsidir. Bu baxımdan, cənab Prezidentin 31 iyul 2025-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə edilən əlavə dəyişikliklər, dövlət dilinin tətbiqi, qorunması və inkişafı sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi baxımından yeni mərhələdir. Belə ki, Əsasnaməyə daxil edilən 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlərlə Mədəniyyət Nazirliyinə Azərbaycan dilinin tətbiqinə, bu sahədə mövcud normativ hüquqi aktlara, o cümlədən dilin ədəbi və leksik normalarına riayət olunmasına nəzarət funksiyası, eyni zamanda isə dilin inkişafının təmin edilməsi və ədəbiyyatın beynəlxalq müstəvidə tanıdılması funksiyası həvalə edilmişdir. Bu mütərəqqi yenilik dövlətin dil siyasətinin sadəcə ideoloji deyil, hüquqi-institusional bazasın dərinləşdirilməsi baxımından da xeyli əhəmiyyətlidir. Xüsusilə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələbləri baxımından normayaratma prosesi zamanı ədəbi dilin norma və tələblərinin gözlənilməsi, normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik və üslub tələbləri və onun terminoloji məsələləri ilə paralel təşkil edən bu yenilik normativ aktların linqvistik ekspertizasının keyfiyyətinə təminat verəcəkdir. Bu, vətəndaşların daha dolğun hüquqi maarifləndirilməsi və qanunvericilik sahəsində olan ümumi dil mühitinin sağlamlaşdırılması baxımından mühüm təsir gücünə malikdir.
Əminliklə söyləmək olar ki, Azərbaycan dilinin milli ideologiyanın dayağı, hüququn ifadə vasitəsi və mədəniyyətin qürur simvolu kimi mövqeyi bundan sonra da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qorunacaq, möhkəmlənəcək və gələcək nəsillərə ötürüləcəkdir.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri