Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 avqust səfərinin tarixi və strateji əhəmiyyəti
Naxçıvan minilliklər boyu müxtəlif sivilizasiyaların kəsişdiyi məkandır. Qədim yaşayış məskənləri, qalaları, şəhərləri, türbələri, memarlıq abidələri və zəngin arxeoloji irsi bu torpağın tarixdəki rolunu təsdiqləyir.Bu gün isə Naxçıvan qarşısında başqa bir tarixi vəzifə dayanır: qədim sivilizasiya məkanı olmaqdan əlavə, müasir Azərbaycanın inkişaf etmiş, təhlükəsiz, innovativ və beynəlxalq əlaqələrə açıq regionlarından birinə çevrilmək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri həm görülən işlərin miqyası, həm də verilən mesajların mahiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində iqtisadiyyat, enerji, nəqliyyat, sosial təminat, şəhərsalma, müdafiə və tarixi-mədəni irsin qorunması kimi bir-birindən fərqli, lakin mahiyyət etibarilə vahid inkişaf strategiyasının tərkib hissəsi olan istiqamətlər əhatə edildi. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərlə tanlşlıq, DOST Regional Mərkəzinin açılışı, yeni komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması, “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması, şəhərin 2044-cü ilədək Baş Planının təqdimatı, Möminə xatun türbəsində bərpa işləri ilə tanışlıq, Əcəmi Naxçıvaninin abidəsinin açılışı və sosial evlər kompleksinin təməlinin qoyulması mühüm əhmiyyətə malikdir.
Naxçıvan Sənaye Parkının yaradılması Naxçıvan iqtisadiyyatının daha çox istehsal, emal, investisiya və ixrac yönümlü modelə keçidinə imkan yaradacaq. Bu, həm yeni iş yerlərinin açılması, həm yerli xammal və əmək potensialından səmərəli istifadə, həm də Naxçıvanın Azərbaycan iqtisadiyyatına daha fəal inteqrasiyası baxımından mühüm addımdır. Naxçıvanın gələcəyi yalnız dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulan sosial və infrastruktur layihələri ilə deyil, öz gəlirlərini yaradan, istehsal edən və xarici bazarlara çıxan iqtisadi sistemlə bağlıdır. Sənaye Parkının yaradılması məhz bu baxımdan strateji xarakter daşıyır. Səfərin diqqətçəkən istiqamətlərindən biri də enerji məsələsi idi. Prezident İlham Əliyev Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub. Rəsmi məlumatlara görə, bu layihələrin ümumi gücü 50 MVt təşkil edir. Eyni zamanda Naxçıvan Sənaye Parkında 300 MVt gücündə istilik elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Bu layihələrə yalnız enerji istehsalı kimi baxmaq doğru olmaz. Naxçıvan kimi xüsusi coğrafi mövqeyə malik bir region üçün enerji təhlükəsizliyi həm iqtisadi, həm də strateji məsələdir. Günəş enerjisi layihələri isə Naxçıvanın təbii potensialının müasir texnologiyalarla iqtisadi resursa çevrilməsinin nümunəsidir. Beləliklə, Naxçıvanın qədim tarixi ilə müasir texnologiya arasında yeni bir körpü yaranır: minilliklər boyu insan yaşayışının və təsərrüfat fəaliyyətinin mərkəzi olan bu ərazi XXI əsrdə yaşıl enerji məkanına çevrilmək perspektivi qazanır.
Səfərin ən mühüm detallarından biri Naxçıvanın nəqliyyat potensialı ilə bağlıdır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə Naxçıvanın timsalında yeni nəqliyyat bağlantılarının yaradıldığını və bu məsələyə daim diqqət göstəriləcəyini bildirib. Bu məsələ Naxçıvanın gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. Çünki Naxçıvan yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim bir diyar deyil. O, Azərbaycanı Türkiyə və daha geniş Avrasiya məkanı ilə birləşdirə biləcək mühüm geoiqtisadi mövqeyə malik regiondur. Zəngəzur dəhlizinin perspektivləri, dəmir yolu infrastrukturunun inkişafı, avtomobil yollarının yenilənməsi və yeni nəqliyyat yollarının yaradılması Naxçıvanın uzun illər mövcud olmuş coğrafi məhdudiyyətlərini iqtisadi üstünlüyə çevirmək üçün tarixi imkan yaradır. Bir vaxtlar blokada şəraitinin yaratdığı çətinliklərlə üzləşən Naxçıvanın gələcəkdə regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi, əslində, tarixdə yeni səhifənin açılması deməkdir.
Səfərin ən mühüm detallarından biri də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”la bağlı təqdimatın keçirilməsi idi. Bu fakt göstərir ki, söhbət yalnız bu günün problemlərinin həllindən getmir. Dövlət şəhərin və regionun qarşıdakı onilliklərdə necə inkişaf edəcəyini əvvəlcədən planlaşdırır. Şəhərsalma sadəcə yeni binaların tikilməsi deyil. Bu, insan üçün rahat şəhər mühitinin formalaşdırılması, nəqliyyatın təşkili, yaşıllıq sahələrinin qorunması, sosial infrastrukturun inkişaf etdirilməsi, tarixi şəhər mühitinin mühafizəsi və müasir memarlıq prinsiplərinin tətbiqidir. Naxçıvan kimi qədim şəhərdə bu məsələ daha böyük məsuliyyət tələb edir. Çünki burada gələcəyin şəhərini qurarkən keçmişin şəhərini qorumaq lazımdır. 2023–2027-ci illər üçün qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramında da yeni reallıqların Naxçıvanın tranzit potensialını genişləndirdiyi və iqtisadi inkişafın yeni mərhələyə keçirilməsinin vacibliyi vurğulanıb.
Prezidentin səfəri yalnız iqtisadi və infrastruktur layihələri ilə yadda qalmadı. Əcəmi Naxçıvani abidəsinin açılışı və Möminə xatun türbəsində aparılan bərpa işləri xüsusi simvolik məna daşıyır. Əcəmi Naxçıvani adı Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixində tutduğu mövqeyi xatırladır. Möminə xatun türbəsi isə yalnız memarlıq abidəsi deyil, Azərbaycan dövlətçilik və mədəniyyət tarixinin daş yaddaşıdır. Bu baxımdan səfər çərçivəsində müasir inkişafla tarixi irsin qorunmasının paralel şəkildə diqqət mərkəzində olması mühüm mesaj verir: Naxçıvan gələcəyə gedərkən keçmişini unutmamalıdır. Səfər proqramında sosial istiqamət də mühüm yer tutur. DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışı, sosial evlər kompleksinin təməlinin qoyulması dövlət siyasətinin yalnız iqtisadi göstəricilərə deyil, insanların sosial rifahına yönəldiyini göstərir. İstənilən inkişaf strategiyasının əsas ölçüsü insan həyatında yaratdığı dəyişiklikdir.
Naxçıvanın strateji mövqeyi onun təhlükəsizlik məsələlərində də xüsusi əhəmiyyətini müəyyən edir. Səfər zamanı Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması təhlükəsizlik məsələsinin dövlət siyasətində prioritet olaraq qalmasını nümayiş etdirdi. Müasir dünyada iqtisadi inkişafla təhlükəsizliyi bir-birindən ayırmaq mümkün deyil. Güclü iqtisadiyyat üçün təhlükəsiz mühit, təhlükəsizliyin təmin olunması üçün isə güclü iqtisadi imkanlar lazımdır.
Toğrul XƏLİLOV
Tarix elmləri doktoru, dosent,
Azərbaycan Milli Elmlər Akadmiyası Naxçıvan Bölməsi








