Babək rayonunda 92 kilometr avtomobil yolu yenilənəcək
Babək rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmiri ilə bağlı imzaladığı Sərəncam Babək rayonunu da əhatə edir.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, bunu Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov bildirib.
Onun sözlərinə görə, Sərəncam çərçivəsində Babək rayonunun Qahab, Naxışnərgiz, Şəkərabad, Çeşməbasar və Güznüt kəndlərinin ərazisində ümumilikdə 59 kilometr, Babək şəhəri ərazisində isə 33 kilometr avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. Beləliklə, qeyd olunan ərazilər üzrə ümumilikdə 92 kilometr yol yenilənəcək.
Bildirilib ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi yaşayış məntəqələrində yol infrastrukturunun müasirləşdirilməsinə, sakinlərin rahat gediş-gəlişinin təmin olunmasına və nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edəcək.
Qeyd olunub ki, son illərdə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Babək rayonunda geniş quruculuq və abadlıq işləri aparılır, yol infrastrukturu mərhələli şəkildə yenilənir. Yeni Sərəncam çərçivəsində görüləcək işlər də rayonun yol infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.








