Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib
Bu ilin I yarısında Azərbaycanda ümumi dəyəri 1,7 milyard manat olan 3 500-ə yaxın elektron dövlət satınalması həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini Mirzə Mirzəyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə elektron satınalmaların hesabına dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib.
"Qənaət edilmiş məbləğin satınalmaların ehtimal olunan qiymətində xüsusi çəkisi 14,7 % olub. Açılışı keçirilmiş müsabiqələr üzrə orta iştirakçı sayı isə 3,5 təşkil edib. 2025-ci ildə dövlət satınalmalarının ümumi həcmi 2020-ci illə müqayisədə 1,6 dəfə artıb. Eyni dövrdə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə yüksəlib. Ötən il elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin satınalmaların ehtimal olunan qiymətində xüsusi çəkisi 17,9 % təşkil edib. Bu nəticə elektron satınalma prosedurlarının dövlət büdcəsinə real iqtisadi səmərə verdiyini bir daha təsdiqləyir", – deyə sədr müavini vurğulayıb.








