Azərbaycanda texnoparkların rezidentlərinin illik gəliri açıqlanıb

Azərbaycanda texnoparkların rezidentlərinin illik gəliri açıqlanıb

11 Fevral 2026

Azərbaycandakı texnoparkların rezidentlərinin illik gəliri təxminən 1 milyard manat civarındadır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"İnnovasiya ekosisteminə fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin bu sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu sahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşa müdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik norması qəbul edilib və bunun nəticəsi olaraq texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatıb.

Onlardan 10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki, bu, bizim ölkəmizin potensialını əks etdirmir. Bizim üçün əsas göstərici bu sahədəki ixrac rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik", - deyə o qeyd edib.