Azərbaycanın süni intellektlə bağlı rəqabətli üstünlükləri açıqlanıb
Azərbaycanın süni intellektlə bağlı rəqabətli üstünlükləri var.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Onlar hansılardır? Birincisi, ilk növbədə, makroiqtisadi və siyasi sabitlik. Bu, data mərkəzlərinin inşası üçün aparıcı məqamlardan biridir. Digər məqam artıq Sizin bu sahəyə xüsusi diqqətiniz nəticəsində yaradılmış enerji potensialımızdır ki, bu gün süni intellektin inkişafı birbaşa enerjinin olub-olmaması ilə əlaqəlidir. Bizim daha bir üstünlüyümüz Sizin xarici siyasətiniz nəticəsində həm region dövlətləri, həm dünyanın bu sahədə aparıcı dövlətləri ilə siyasi münasibətlərimizin ən yaxşı, ən yüksək səviyyədə olmasıdır və bunun bariz nümunəsi qeyd etdiyiniz kimi, Amerika Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi və bizim İsrail dövləti ilə bu yaxınlarda imzaladığımız Anlaşma Memorandumudur ki, artıq bu sənəddən irəli gələrək biz müqavilə üzərində işləməyə başlamışıq", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, digər məqam qərarvermədə dövlətimizin çevik olmasıdır: "Bizim Amerikaya səfərimizdə təmaslarımız zamanı gəldiyimiz qənaət ondan ibarətdir ki, orada hər hansı bir data mərkəzinin inşası təxminən iki, üç il arasında çəkir. Amma dövlətimizdə olan çeviklik bizə imkan verəcək ki, çox qısa bir müddətdə bu data mərkəzlərini inşa edək. Bu da data mərkəzlərinin inşası üçün aparıcı amillərdən biridir və bütün bunların hamısı ilə bərabər ən başlıca amil datanın mövcudluğudur. Bu datanın mövcudluğu bizim rəqəmsallaşmanı və rəqəmsal transformasiyanı nə qədər tez keçməyimizdən bilavasitə asılı olacaq. Bununla bağlı artıq diqqətiniz və qərarınız var. Mən əminəm ki, biz bu prosesi də kifayət qədər qısa müddətdə keçə biləcəyik. Burada artıq onlar bizdən daha nələri gözləyirlər sualının cavabı bizim qanunvericilik bazamızın müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu xüsusda mən xüsusilə "Sandbox" rejimini qeyd etmək istərdim. Bu nədir? Hər hansı bir sahədə, tutaq ki, səhiyyə, təhsil və yaxud da "fintex", maliyyə sahələrində biz dövlətin tənzimlənməsi ilə kiçik hallar üzərindən bu və ya digər həllərin, yəni aparıcı dövlətlərin həllərinin test edilməsi, sonradan ya ölkəmizdə ya da dünyanın digər ölkələrində bunun miqyaslanması anlamına gəlir. Bütün dünya dövlətləri bundan istifadə edirlər. Bu da öz əksini fəaliyyət planında tapıb".
"Burada da çağırışlar təxminən bizim rəqəmsal transformasiyada olan çağırışlarla eynidir. İnsan kapitalı. İnsan kapitalına gəldikdə, bizim miqrasiya qanunvericiliyimizin yumşaldılması və orada həm "freelancer"lərin və eyni zamanda, rəqəmsal səyyahların statusunun tanınması çox önəmlidir. Digər məsələlərin üzərində dayanıb vaxtınızı almaq istəmirəm. Onlar təxminən yenə infrastrukturla bağlı məsələlərdir. Yenə qərarvermə ilə bağlı məsələlərdir ki, artıq verdiyiniz tapşırığa uyğun olaraq, əminəm ki, biz bu prosesi də kifayət qədər səmərəli keçəcəyik", - deyə R.Nəbiyev vurğulayıb.








