Azərbaycanın qəhrəman oğlu: Leytenant Məmməd Zamanlı
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri xalqımızın tarixində qızıl hərflərlə yazıldı. Bu şanlı salnamənin qəhrəmanlarından biri də gənc zabit - leytenant Məmməd Rəhman oğlu Zamanlıdır.
1998-ci il avqustun 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində dünyaya göz açan Məmməd Zamanlı, uşaqlıqdan hərb sənətinə xüsusi maraq göstərirdi. İlk təhsilini doğma kənd məktəbində aldıqdan sonra 2012–2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq, zabit kimi formalaşmışdı. 2019-cu ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında leytenant kimi xidmətə başlayan Məmməd qısa müddətdə cəsarəti, disiplinliyi və Vətənə sadiqliyi ilə seçilən bir zabitə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Məmməd Zamanlı da ilk gündən ön cəbhəyə yollanmışdı. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edən igid leytenant Məmməd Zamanlı son nəfəsinə qədər qəhrəmancasına mübarizə aparır və ərazi bütövlüyümüzün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirdi. Məmməd Zamanlı müharibənin ilk günü - sentyabrın 27-də qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Onun itkisi təkcə ailəsi üçün deyil, bütöv Azərbaycan üçün ağır və sarsıdıcı oldu. Vətən torpaqları uğrunda canından keçən şəhid leytenantın adı bu gün xalqımızın qürurla andığı qəhrəmanlardan biridir. Bu gün Məmməd Zamanlının adı məktəblərdə, tədbirlərdə və kitab səhifələrində yaşayır. Lakin o, yalnız adı ilə deyil, vətənpərvərliyi, fədakarlığı və misilsiz qəhrəmanlığı ilə hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq. Məmməd Zamanlı kimi igidlər, vətən sevgisini gənc nəslə aşılayan canlı tarix kimi xalqın yaddaşına həkk olunacaq.
Leytenant Məmməd Zamanlının Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıq Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra aşağıdakı fəxri ad və medallarla təltif olundu:
- “Vətən uğrunda” medalı (15.12.2020)
- “Azərbaycan Bayrağı” ordeni (15.12.2020)
- “Füzulinin azad olunmasına görə” medalı (25.12.2020)
Bu təltiflər yalnız bir şəhidin adına verilmiş mükafatlar deyil, bütöv xalqımızın torpağa, Vətənə olan sədaqətinin simvoludur.
Səfər ƏLİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı








