Əməkdar artist Vidadi Rəcəblinin 60 illik yubileyi qeyd edilib -

Əməkdar artist Vidadi Rəcəblinin 60 illik yubileyi qeyd edilib - FOTO

20 Fevral 2026

Vidadi Rəcəblinin 60 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Gecədə sənətkarın həyat və fəaliyyət yoluna nəzər salınıb, yubilyarın sənətə verdiyi töhfələr yüksək qiymətləndirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə aparıcı açaraq yubilyarın 60 illik ömür və sənət yolunun əlamətdar məqamlarını vurğulayıb. Ardınca sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Rəsmi hissədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov çıxış edərək yubilyarı təbrik edib və nazirlik adından xüsusi hədiyyəni təqdim edib. Daha sonra sənət dostları və həmkarları səhnəyə dəvət olunaraq xatirələrini bölüşüblər. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov öz səmimi hisslərini tamaşaçılarla bölüşərək teatr adından hədiyyələri Vidadi Rəcəbliyə tədqim etdi.

Gecə musiqili nömrələrlə davam edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, “Araz” instrumental ansamblının solisti Ədalət Hüseynov, Prezident mükafatçısı Azər Hüseynov, eləcə də digər ifaçılar öz çıxışları ilə tədbirə xüsusi ovqat qatıb. Naxçıvan Dövlət Kukla Teatrının alleqorik səhnəciyi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Məhəmməd Məmmədov və rayon mədəniyyət idarələrinin nümayəndələri də yubilyara xoş arzularını çatdırıblar.

Tədbirdə, həmçinin, Babək rayon xalq teatrının kollektivi və sənətkarın uzun illər çiyin-çiyinə çalışdığı həmkarları çıxış edərək onunla bağlı səmimi fikirlərini bölüşüblər. Musiqi və səhnə nömrələri ilə müşayiət olunan yubiley gecəsi tamaşaçıların alqışları ilə yadda qalıb. Sonda xatirə fotosu çəkdirilib.