
Naxçıvan Hemodializ Mərkəzi üçün tibbi avadanlıqların quraşdırılmasına başlanılıb - FOTO
Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlar çərçivəsində Hemodializ Mərkəzi üçün ümumilikdə 53 ədəd hemodializ aparatı və 48 ədəd pasiyent komfortunu təmin edən hemodializ kreslosu alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, kreslolar 3 mühərrikli idarəetmə sisteminə, Wi-Fi bağlantısı və qulaqcıq çıxışına malik olmaqla müalicə zamanı pasiyentlərin rahatlığını təmin etməyə yönəlib.
Hazırda bu avadanlıqların bir qismi – hemodializ cihazları və funksional kreslolar – artıq mərkəzə təhvil verilmiş, yerləşdirmə prosesi həyata keçirilir.
Qeyd edək ki, rayonlarda da əhaliyə göstərilən hemodializ xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın zamanda Şərur Regional Tibb Mərkəzinin tabeliyində olan Şərur Rayon Mərkəzi Xəstəxanası və Kəngərli Rayon Mərkəzi Xəstəxanasına, həmçinin Culfa Regional Tibb Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Culfa və Ordubad Rayon Mərkəzi Xəstəxanalarına da hemodializ cihazları və kresloları təhvil verilmişdir.