Naxçıvan Muxtar Respublikası üzrə mövsümün  taxıl biçininə başlanılıb -

Naxçıvan Muxtar Respublikası üzrə mövsümün taxıl biçininə başlanılıb - FOTO

19 İyun 2025

Naxçıvan Muxtar Respublikasında taxıl biçini mövsümünə start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Yuxarı Uzunoba kəndində fermer təsərrüfatında olub, biçin kampaniyasının gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev məlumat verib ki, ümumilikdə, bu il muxtar respublikada 17582,6 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 8275,7 hektarında buğda, 9306,9 hektarında isə arpa əkilib. Bu günədək 2423,3 hektar sahədə biçin aparılıb. Ən yüksək məhsuldarlıq 31,2 sentner olmaqla Şərur rayonunda qeydə alınıb. Ən çox əkin sahəsi isə Babək rayonunun payına düşür. Rayonda 2163,5 hektarı buğda, 2986,1 hektarı arpa olmaqla, ümumilikdə, 5149,6 hektar sahədə əkin aparılıb. Hazırda rayonda 618,9 hektar sahədə biçin başa çatıb.

Məlumat verilib ki, taxıl biçini prosesinin effektiv təşkili üçün Kənd Təsərrüfatı Nazirliyi nəzdində Mərkəzi Qərargah yaradılıb, texnika və avtomobillər hazır vəziyyətə gətirilib və 77 kombayn işə cəlb olunub.