Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib -

Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib - FOTO

19 İyun 2025

İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bəxtiyar Məmmədov bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) müzakirəsi daxil edilib. 

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Qanun layihəsi deputatlara paylanılıb, İqtisadi siyasət komitəsinin 13 iyun 2025-ci il tarixli iclasında müzakirə olunub.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi haqqında məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə əlaqədar maliyyə naziri Həsən İsmayılov çıxış edib.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrasına dair Qanun layihəsinin təhlili üzrə analitik fəaliyyətin nəticələri haqqında” auditor hesabatını diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işini başa çatdırıb.