Daşnak vəhşiliyi: Saqqarsu və Yaycı qətliamları

Daşnak vəhşiliyi: Saqqarsu və Yaycı qətliamları

19 İyun 2025

10 fevral 1828-ci ildə çar Rusiyası ilə Qacarlar dövləti arasında imzalanan bədnam Türkmənçay müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqları da rus imperiyası tərəfindən işğal olundu. 1850-ci ildə isə Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək Naxçıvan, Gümrü, Yeni Bəyazit, Şərur-Dərələyəz qəzaları və Ordubad nahiyəsinin də daxil olduğu İrəvan quberniyası yaradıldı. Tarixi torpaqlarımızın bölünməsinin və zəbt olunmasının əsası qoyuldu. Osmanlı və Qacarlar dövləti ərazisində yaşayan ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Beləliklə də, soyqırımı cinayətləri tariximizin qanlı səhifəsinə çevrildi. Yer üzündə hayların (ermənilərin) hiylələrinə məruz qalanlar, onlar tərəfindən törədilən qətliamlara, soyqırımlara məruz qalanlar isə daha çox türk xalqları, xüsusuilə biz azərbaycanlılar və Anadolu türkləridir.

Naxçıvada ermənilər tərəfidən törədilən soyqırım ilə bağlı bir çox tədqiqatlar aparılmış, mənbə kimi bir çox müəlliflərin əsərlərinə müraciət olunmuşdur. Bu mənbələr içərisində yazıçı M.S.Ordubadinin “Qanlı illər” və 1918-1920-ci illərdə Naxçıvanda fəaliyyət göstərən Müsəlman Milli Komitəsinin katibi Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” adlı kədərli xatirələri xüsusi yer tutur. Naxçıvanda ermənilər tərərfindən törədilən qətlimalar işərisində Saqqarsu və Yaycı soyqırımları xüsusi amansızlığı ilə fərqlənir.

Tarixçi alim Elman Cəfərəli də bir sıra tədqiqat əsərlərini bu sahəyə həsr edib. Alim qeyd edir ki, Naxçıvanda faciəli hadisələr yalnız 1905-ci ildə baş verənlərlə yekunlaşmadı. Naxçıvan qəzasının Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və onlarla başqa kəndlərini də əhatə edən erməni cinayətləri 1906-cı ildə davam etdi. Erməni vəhşiliyi ilə baş-başa buraxılmış həmin kəndlərin bir çoxunuın əhalisi məhv edildi, sağ qalanlar isə digər kəndlərə, habelə Qacarlar dövlətinə, sərhəd ərazilərə qaçaraq canlarını qurtarmağa çalışdılar.

Əylisdəki erməni hərbi birləşmələri 1906-cı il avqustun 7-də, mis mədəni ətrafındakı erməni qüvvələri isə avqustun 8-də Panuslu kəndinə gələrək burada qüvvələrini birləşdirdilər və Qxçu-Şəbadək dağlarının ətəyində yerləşən Azərbaycan kəndlərinə hücuma başladılar. Avqustun 9-da başlayan və dörd gün davam edən Oxçu kəndi uğrunda döyüş, ermənilərin hərbi cəhətdən və sayca dəfələrlə çox olmalarına baxmayaraq oxçuluların qələbəsi ilə başa çatdı. Erməniləri təqib edən Oxçu sakinləri onların sığındığı Gicəlan kəndini də azad etdilər. Lakin daşnaklar yenidən ətrafdakı ermənilər yaşayan kəndlərdən daha böyük hərbi qüvvə toplayaraq Zəngəzurun Panuslu, Girdəkan və Gicəlan kəndləri ətrafında əlverişli mövqe tutaraq Oxçu-Şəbadək dağlarındakı strateji yüksəklikləri ələ keçirdilər. Azərbaycanlıların qüvvələri və sursatları tükəndiyindən həmin gecə Oxçu-Şəbadək kəndlərinin imamı Molla Həsən Əfəndinin məsləhəti ilə Ordubadın Saqqarsu adlanan yerinə sığındılar. Kəndlərdə qalan əhalinin hamısı ermənilər tərəfindən qətlə yetirildi. Erməni silahlı birləşmələrinin genişmiqyaslı hücumu Azərbaycan kəndlərinin dağıdılması ilə nəticələndi. Daşnak silahlıları Saqqarsuda gizlənən azərbaycanlıları istisnasız olaraq qırdılar. Bir neçə qadınla əlində ermənilərin qarşısma çıxaraq aman diləyən Molla Həsən Əfəndinin özü və ətrafındakılar da erməni qətliamından qurtula bilmədilər. İslam dininin müqəddəs kitabı vəhşicəsinə təhqir olunndu. Saqqarsu faciəsi baş verən gün daha dörd müsəlman kəndi düşmən tərəfındən dağıdıldı.

Tarixçi-alim qeyd edir ki, türk-müsəlman kəndlərinin sağ qalmış azsaylı əhalisi Ordubada və onun ətraf kəndlərinə pənah apardılar. Zəngəzurdan gələn qaçqınları böyük qayğı ilə qarşılayan ordubadlılar Qapan dərəsində, Saqqarsuda və digər döyüş yerlərində, qalanı isə azərbaycanlı yaralıları və qətlə yetirilənlərin meyitlərini gətirmək üçün dəstələr təşkil etdilər. 1906-cı il avqustun 16-da Saqqarsuda Ordubad könüllüləri Molla Həsən Əfəndinin özü ilə bərabər kənddən çıxardığı 62 qadın və uşağın meyidlərini aşkar etdilər. İki gün sonra ordubadlılar Saqqarsuda yenicə ailə qurmuş bir gənc qadınla cavan oğlanın, Molla Həsən Əfəndinin yandırılmış cəsədlərini, 15 körpənin palaza bükülmüş və bir-birinə qarışmış kəsilmiş başlarını və bədən hissələrini tapdılar. Qapan dərəsindəki Pürdavud kəndi də dağıdılmış, əhalisi isə son nəfərinədək qətlə yetirilmişdi.

Ermənilərin insanlıq adına sığmayan vəhşiliyindən sonra bölgədə son dərəcə acınacaqlı vəziyyət yaranmış, Zəngəzurun Naxçıvanla qonşu kəndlərinin əhalisi əsasən məhv edilmiş, azsaylı sağ qalanlar isə onsuz da vəziyyəti çox gərgin olan Naxçıvana və Ordubada pənah gətirmişdilər.

Ordubadlılar hökumət dairələrinin də erməniləri müdafiə etdiklərini görərək Zəngəzur kəndlərini azad etmək üçün könüllü dəstələr təşkil etmək qərarına gəldilər. 1000 nəfəri qaçqınlardan, 800 nəfəri isə yerlilərdən olmaqla, 1800 nəfərlik ciddi intizama tabe edilmiş könüllü dəstələr Saqqarsuda toplaşaraq 1906-cı il sentyabrın 16-da ermənilərə qarşı həlledici döyüşdə qəti qələbə çalır və bütün Zəngəzur kəndlərini azad edirlər. Vəziyyətin azərbaycanlıların xeyrinə dəyişdiyini görən çar məmurlarının göndərdiyi 500 nəfərlik kazak ordusu yenidən bölgəyə gəlir və guya qaçqınlarm onlar tərəfındən öz kəndlərinə qaytarıldığı görüntüsünü yaradırlar. Girdəkan-Panuslu döyüşü ermənilərin məğlubiyyəti ilə nəticələnir. Lakin ermənilər hücum zamanı, demək olar ki, bütün Zəngəzur kəndlərini tamamilə dağıtmışdılar.

Tarix yenə təkrar olundu, 9 sentyabr 1991-ci il tarixdə saat 19:00 radələrində Ordubad rayonundakı keçmiş N.Tusi adına kolxozun xırdabuynuzlu heyvan sürüsünə Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşən Saqqarsuda - “Qız-gəlin” adlanan yaylaqda erməni silahlı dəstələri tərəfindən silahlı basqın edilmiş, çobanlar – Xəlilov Xəlil Xuduş oğlu və Abbasov Əşrəf Tağı oğlu itkin düşmüş, kolxoza məxsus 724 baş və ayrı-ayrı vətəndaşlara məxsus 307 baş heyvan Ermənistan ərazisinə aparılmışdır. Ordubad rayonunun Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşən “Qapıcıq” adlanan yaylaqda heyvan otaran başqa şəxslər tərəfindən erməni silahlı dəstələrinin çobanları və heyvan sürüsünü Ermənistan ərazisinə tərəf aparılması uzaqdan müşahidə olunduğundan yaylaq sahəsində itkin düşmüş şəxslərin axtarışı aparılmış, Xəlil Xəlilov və Əşrəf Abbasovun üzərində zorakılıq əlamətləri olan meyitləri 1991-ci il sentyabrın 9-da Qafan rayonu ilə həmsərhəd olan dağlıq ərazidə aşkar edilmişdir.

Bəzi tarixçilər qeyd edirlər ki, 1918-1921-ci illərdə Naxçıvanda еrmənilər tərəfindən, ümumilikdə, 100 mindən nəfərdən çox türk-müsəlman sakin vəhşiliklə qətlə yetirilmişdir. 1918-ci il aprelin 13-də ermənilər Əlincəçay vadisində yerləşən Bənəniyar, Qızılca, Saltaq, Noraşen, Xoşkeşin və s. kəndlərə hücum edərək bu yaşayış məntəqələrini dağıtdılar. Həmin kəndlərin əhalisi qırıldı, sağ qalanları isə müxtəlif ərazilərə səpələndi.

Naxçıvanda ermənilər tərəfindən törədilən qətliamın digəri isə Culfa rayonunun Yaycı kəndindəki soyırımdır. 1918-ci ildə ölkəmizin bir çox bölgələrində olduğu kimi, muxtar respublikanın Culfa rayonunun Yaycı kəndində də cəllad Andronikin erməni quldur dəstələri tərəfindən dəhşətli qətllər törədilmişdir. Ermənilər kəndi dağıdıb, yüzlərlə Yaycı sakinini qətlə yetirmişlər. 1918-ci ildə törədilmiş Yaycı soyqırımı ilə bağlı tarixi həqiqətləri dünyaya çatdıran şəxslər içərisində bu kəndin ziyalısı yazıçı-jurnalist Fərəc Fərəcovu qeyd edə bilərik.

1918-1920-ci illərdə Naxçıvanda fəaliyyət göstərən Müsəlman Milli Komitəsinin katibi Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” adlı gündəliyində qeyd edir ki, 1918-ci iyun ayının 14-də Yayçı hadisəsinə dair sübh vaxtı Naxçıvana xəbər çatdı ki, Andronikin qüvvəsi Araz çayını keçib, Yayçı kəndinə hərəkət edərək həmin kəndin əhalisini qətl-qarət etmiş, Cəmaləddin və Ərəzin kövşəni də erməni qüvvəsi ilə dolubdur. Bu barədə Nehrəm kənd sakini Tağı Nağdəliyev məlumat göndərmişdir.

İkinci məktub yenə ondan alınmışdı. Məktubda qeyd edilir ki, Naxçıvana gəlmiş Osmanlı qoşununun qabağını almaq münasibətilə İrandan ermənilər Araz körpüsünü keçib Yayçı kəndinə hücum edib yarım saat ərzində həmin kəndi tarmar etdilər. Bu məktubdan sonra, saat 8:00 radələrində Milli Komitədə Xəlil bəy cənablarının bu məzmunda teleqrafı alındı: “Naxçıvan Milli Komitəsinin sədrinə. Naxçıvanda bu saat Arazdan qayıdan ermənilərdən başqa 4 min erməni qüvvəsi olduğunu dəxi söylüyorsunuz. Bu 4000 mühacirdir, ya əsgərdir? Kim təxmin etmiş? Culfa geri qayıdıb? Nə qədər vardır. Pək o qədər təşviş etmisiniz. Sizi gözətliyən vardır. Yalan və doğru. məlumat alıb bildirməkə qeyrət ediniz. Xəlil bəy”.

Mənbə bildirir ki, daşnak Andronikin qüvvəsi Culfa tərəfindən şərq tərəfi ilə Naxçıvana tərəf yürüş edirdi. Saat 3 radələrində yenə Xəlil bəydən bu məzmunda alındı: “Arazın körpüsünün atılmağı və Yayçı kəndinin tarmar olmağı bizə məlum oldu. Nehrəm və Cəhri kəndlərinə yazın bəndləri gələn Andronikin qoşunlarının şəhərə girməyinə yol verməsinlər”. İyulun 15-də isə Andronikin dəstəsinin Yayçı əhalisinə endirdiyi zərbələrə tab gətirməyib geri oturdulması xəbəri alındı. İyunun 18-də Andronikin dəstəsinin Yaycıdan Ordubada tərəf hərəkət etməsi xəbəri alınmışdı.

Yazıçı-jurnalst Fərəc Fərəcov qeyd edir ki, Osmanlıya xəyanət edərək oradan qaçmış Andronik Ozanyan 5 min nəfərlik qoşunla (onlardan 4000-i piyada, 1000-i isə süvari dəstə idi) Naxçıvan ərazilərinə daxil olur və ilk qəfil zərbəsini Naxçıvan qəzasının iri yaşayış məntəqələrindən olan Yaycıya vurur. Azğınlaşmış quldur dəstələri bir günün içində kəndi yerlə yeksan edir. Evlər qarət olunub yandırılır, qocalar, qadınlar, uşaq və körpələr qılıncdan keçirilir.

“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabında oxuyuruq: “Andronikin tabeliyində olan erməni qüvvələri İrandan Naxçıvana doğru çəkildilər. Bununla da, Culfa, Naxçıvan və Ordubad bölgələrində qara günlər başlandı. Türk ordusundan ağır zərbə alan Andronik Naxçıvanın günahsız əhalisindən öz acığını çıxmaq istəyirdi. Bu məqsədlə Culfaya çəkilən erməni qüvvələri sərhəddə yerləşən Naxçıvan qəzasının böyük kəndlərindən biri olan Yaycı kəndinə hücum etdilər. Heç bir şeydən xəbəri olmayan Yaycı kənd əhalisi Andronikin dəstəsi tərəfindən mühasirəyə alındı. Andranikin qaniçən dəstəsi ilə qonşu erməni kəndinin əhalisi Araz sahilində 4000-ə yaxın qadın, uşaq və yaşlıya hücum edərək çoxunu qətlə yetirdilər. Ölənlər o qədər çox, qalanlar o qədər az idi ki, ölənləri dəfn etməyə adam yox idi”.

Vaxtilə kəndin yaşlı sakinlərinin verdiyi məlumata görə, qəddar düşməndən canını qurtarıb qonşu İran ərazisinə keçmək istəyənlər Araz çayının sahillərinə axışmışlar. Onların arasında, əsasən, Yaycı əhalisi olsa da, Araza yaxın digər kəndlərin də sakinləri var idi. Ümumiyyətlə, hadisələrin canlı şahidləri və öz valideynlərindən ətraflı məlumatlar əldə etmiş yaycılılar söyləyirdilər ki, kəndin, təqribən, 2500 nəfər sakini qətlə yetirilmişdir. Onların da çoxu uşaq, qadın və qocalar idi. Deyilənə görə, hadisə gündüz vaxtı baş verdiyindən əmək qabiliyyətli kişilər çöl işlərində olmuş və ya başqa yerlərə alış-verişə getmişdilər. “Min evli” adlandırılan bu kənddə soyqırımı zamanı elə bir ailə olmamışdır ki, faciənin qurbanına çevrilməsin. Hər ailənin bir, iki və daha çox üzvü erməni qaniçənlərindən canlarını qurtara bilməmişlər. Onlarla ailə bütün üzvləri ilə birlikdə evlərində qətlə yetirilmişdir. Həmin vaxt Yaycıda bu cür ürəkağrıdıcı hadisələr az olmamışdır. 1918-ci ilin iyun ayında baş vermiş bu qanlı hadisə erməni faşistləri tərəfindən törədilən soyqırımı idi. Kəndin əhalisi yarıbayarı azalmışdı. Ən çox itkilər qadınlar arasında olmuşdu. İtkin düşənlər də vardı. Danışırlar ki, kənddə 7 il xeyir mərasimləri, şənliklər olmamışdır. Qısa bir vaxtda Naxçıvanı ələ keçirmək niyyətində olan Andranik və onun azğınlaşmış dəstələri Yaycı soyqırımından sonra Ərəzin, Camaldın, Sirab və digər kəndlərdə də qanlı qırğınlar törətmişlər. 2007-ci ildə yaycılıların arzu və istəyi gerçəkləşdirildi. Kənddə soyqırımı qurbanlarının xatirəsinə bir abidə inşa olundu, ətrafında park salındı, tikinti-abadlıq işləri görüldü. İndi bura kənd sakinlərinin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib.

Həmin dövrdə erməni qulduru Andronik bolşeviklərlə işbirliyi yaradaraq Naxçıvanı, Zəngəzuru ələ keçirmək üçün əməliyyatlara başlamışdı. Bakıdakı bolşevik hökumətinin başçısı S.Şaumyandan dəstək alan Andronik Şərur - Dərələyəz və Naxçıvan qəzalarında qanlı qırğınlar törətmişdi. Bölgəni kütləvi qırğından yalnız Türkiyə xilas edə bildi. 1918-ci il iyunun əvvəllərində 9-cu və 11-ci Türk diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdi. 1918-ci ilin iyun ayının 4-də xilaskar türk qoşunu Naxçıvana daxil oldu. Şəhər əhalisi türk qoşununu toy-bayramla qarşıladı, şəhərdə Türkiyə bayrağı qaldırıldı. Naxçıvan üzərində Türkiyə himayəsi bərqərar oldu. Türk qoşunları və Naxçıvanın yerli müdafiə qüvvələri daşnak quldur dəstələrini darmadağın edib bölgədən qovdular. Naxçıvanın kəndlərini viran qoymuş Andronik buradakı məğlubiyyətdən sonra Zəngəzura doğru hərəkət etdi. Nehrəm ətrafında rüsvaycasına məğlub edilmiş Andronikin dəstələri geri qaçmağa məcbur olmuşdu. Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan kəndləri dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubadın ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Həmçinin Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna və Xoşkeşin kəndlərində də dəhşətli qırğınlar törədilmişdir. Ermənilər tərəfindən 1906-cı ilin avqustunda Ordubad rayonunun Saqqarsu yaylağında və Culfa rayonunun Yaycı kəndində 1918-ci ildə törədilmiş qətliamlar Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayətlərinin tərkib hissəsidir.

Bəli, oxumasaq bilmərik. Bilməsək unudarıq. Unutsaq yenidən yaşamalı olarıq. İnanırıq ki, xalqımıza qarşı bu qətliamları törədənlər tariximizin yaddaşından heç zaman silinməyəcək, ilahi ədalət tarixdə hər şeyi öz yerinə qoyacaq.  Bu, mütləq baş verəcək

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. “Qanlı illər” M.S.Ordubadi. Bakı-1991.

2. “Yaycı soyqırımı” Fərəc Fərəcov. Naxçıvan. “Əcəmi” 2002.

3. “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi”. Elman Cəfərəli. Bakı.”Nurlan” 2009.

4. “Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan”. Abdulla Mustafayev. Bakı-2013

Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası 

Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri,  rokurorluğun fəxri işçisi