Naxçıvanda tibbi tullantıların idarə olunması ilə bağlı tədbir keçirilib -

Naxçıvanda tibbi tullantıların idarə olunması ilə bağlı tədbir keçirilib - FOTO

29 İyul 2025

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi və ictimai sağlamlığın qorunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə “Müalicə-Profilaktika Müəssisələrində Tibbi Tullantıların İdarə Olunması” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"- məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Çinarə Əhmədova tibbi tullantıların düzgün idarə olunmasının ekoloji təhlükəsizlik və ictimai sağlamlıq üçün əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin direktoru Şeyda Şıxəliyeva bildirib ki, tibbi tullantıların düzgün çeşidlənməsi, toplanması, saxlanması və zərərsizləşdirilməsi müalicə müəssisələrində infeksiya təhlükəsinin qarşısının alınmasında mühüm rol oynayır. O, həmçinin qeyd edib ki, bu sahədə aparılan mütəmadi monitorinqlər yalnız nəzarət məqsədi daşımır, eyni zamanda səhiyyə müəssisələrində gigiyena səviyyəsinin yüksəldilməsinə xidmət edir. Şeyda Şıxəliyeva bildirib ki, hər bir tibb müəssisəsində tibbi tullantıların idarə olunması üzrə məsul şəxslərin maarifləndirilməsi, eləcə də bu prosesin mövcud qanunvericiliyə uyğun təşkil olunması vacibdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Tural Əsgərov da çıxış edərək, tibbi tullantıların ətraf mühitə təsirindən və onların təhlükəsiz utilizasiyasının zəruriliyindən qısa şəkildə bəhs edib.

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və mövzu üzrə faydalı tövsiyələr verilib.