“Şəhərsalma və memarlıq ili” Azərbaycanda bu sahələrə yeni baxış formalaşdıracaq

“Şəhərsalma və memarlıq ili” Azərbaycanda bu sahələrə yeni baxış formalaşdıracaq

15 Aprel 2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2025-ci il tarixində imzalanmış Sərəncama əsasən, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar ölkədə şəhərsalma siyasətinin inkişafına, milli memarlıq irsinin qorunmasına və müasir urbanistik yanaşmaların tətbiqinə verilən strateji əhəmiyyətin göstəricisi hesab olunur.  Azərbaycanda bu ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə şəhər mühitinin daha müasir prinsiplər əsasında inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini göstərir. 

Ümumiyyətlə, Azərbaycanda şəhər mədəniyyətinin və bu mədəniyyətin inkişafı fonunda memarlığın inkişaf tarixi min illərlə ölçülür. Azərbaycanda bu gün də yaşayan, var olan qədim memarlıq abidələri bu mədəniyyətin böyük keçmişindən xəbər verir. Memarlıq şəhərsalmanın mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də mədəni və estetik dəyərlərin ifadə vasitəsidir. Hər bir xalqın memarlıq üslubu onun tarixi, mədəniyyəti və dünyagörüşü haqqında məlumat verir. Bu mənada Azərbaycan şəhərsalma və memarlıq sənəti çoxəsrlik tarixə malikdir və qədim dövrlərdən etibarən Şərq və Qərb sivilizasiyalarının təsiri altında formalaşmışdır. Tarixən İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərləri iqtisadi, mədəni və ticarət mərkəzləri kimi inkişaf etmiş, bu isə şəhərlərin planlaşdırılmasına və memarlıq üslubunun formalaşmasına mühüm təsir göstərmişdir. Ölkənin müxtəlif bölgələrində yerləşən qalalar, karvansaralar, məscidlər, türbələr və digər tarixi tikililər burada milli memarlıq məktəbinin zənginliyini nümayiş etdirir. Bu abidələr Azərbaycan memarlığının həm funksional, həm də estetik xüsusiyyətlərini əks etdirən önəmli mədəni irs nümunələridir. Məsələn, Möminə xatun türbəsi, Xudafərin körpüsü və Atəşgah məbədi kimi tarixi abidələr Azərbaycanın memarlıq irsinin ən dəyərli nümunələri hesab olunur.

Eyni zamanda Azərbaycan memarlığının dünya səviyyəsində tanınmasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş obyektlər xüsusi rol oynayır. Bu siyahıya daxil olan İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kompleksi və Şəkinin tarixi mərkəzi və Xan sarayı kimi memarlıq nümunələri Azərbaycan şəhərsalma mədəniyyətinin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.

Orta əsrlərdə Azərbaycan memarlıq məktəbinin inkişafında böyük rol oynayan memarlardan biri Əcəmi Naxçıvani olmuşdur. Onun yaradıcılığı yalnız Azərbaycanda deyil, ümumilikdə Yaxın Şərq memarlığında dərin iz qoymuş və milli memarlıq məktəbinin inkişafında mühüm mərhələ təşkil etmişdir. Bu gün ölkəmizdə bu memarlıq nümunələrinin qorunması istiqamətində də ciddi addımlar atılır. “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 may 2025-ci il tarixli və “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2026-cı il tarixli sərəncamları bu cür dəyərli memarlıq abidələrimizə dövlət səviyəsində diqqət və qayğının bariz ifadəsidir. Məlumat üçün bildirək ki, ölkə Prezidentinin ilk Sərancamı ilə abidədə bərpa və konservasiya işlərinin aparılması üçün ilkin olaraq 1 milyon manat ayrılmışdır. Bu il isə türbədə bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb. Təkcə bir memarlıq abidəsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün atılan bu addımlar ölkəmizdə memarlıq abidələrinə verilən dəyəri qiymətləndirməyə kifayət edir.

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.

Qeyd etmək lazımdır ki, müasir inkişaf həm şəhərsalma, həm də memarlıq anlayışına yeni baxış tələb edir. Müasir dövrdə şəhərlərin sürətli inkişafı, urbanizasiya proseslərinin genişlənməsi və əhalinin şəhərlərdə cəmləşməsi şəhərsalma və memarlıq sahəsinin əhəmiyyətini daha da artırmışdır. Şəhərlərin planlı şəkildə qurulması, estetik memarlıq mühitinin formalaşdırılması və yaşayış üçün rahat infrastrukturun yaradılması dövlətin davamlı inkişaf strategiyalarında mühüm yer tutur. Hazırda Azərbaycan Respublikasında dövlət siyasətinin mühüm istiqamətlərindən biri də şəhərsalma və memarlıq sahəsinin inkişafıdır. Bu sahə yalnız tikinti və urbanizasiya proseslərini deyil, eyni zamanda ölkənin mədəni irsinin qorunmasını, şəhər mühitinin səmərəli təşkilini və dayanıqlı inkişafın təmin edilməsini özündə birləşdirir.

Şəhərsalma cəmiyyətin sosial, iqtisadi və ekoloji ehtiyaclarını nəzərə alaraq yaşayış məkanlarının planlaşdırılması və təşkili ilə məşğul olan mühüm bir sahədir. Şəhərsalmanın əsas məqsədi insanların rahat, təhlükəsiz və sağlam mühitdə yaşamasını təmin etməkdir. Bu proses yalnız binaların tikintisini deyil, həm də yolların, parkların, sosial obyektlərin, nəqliyyat sistemlərinin və mühəndis-kommunikasiya şəbəkələrinin planlı şəkildə yerləşdirilməsini əhatə edir. Düzgün şəhərsalma siyasəti şəhərlərin funksionallığını artırır, ətraf mühitin qorunmasına kömək edir və insanların həyat keyfiyyətini yüksəldir.

Müasir dövrdə şəhərsalma və memarlıq sahəsi yalnız estetik məsələlərlə məhdudlaşmır, həm də innovativ texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Səmərəli binaların tikilməsi, ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və nəqliyyat sıxlığının azaldılması kimi məsələlər müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən hesab olunur. Bu sahədə “ağıllı şəhər” konsepsiyası xüsusi aktuallıq qazanmışdır. Ağıllı şəhər modeli rəqəmsal texnologiyalardan istifadə etməklə şəhər idarəetməsini daha səmərəli və effektiv təşkil etməyə imkan verir.

Azərbaycanda son illərdə həyata keçirilən genişmiqyaslı tikinti və abadlıq layihələri şəhərsalma sahəsində mühüm irəliləyişlərin əldə olunmasına şərait yaratmışdır. Paytaxt Bakı və digər regionlarda yeni yaşayış komplekslərinin, parkların, yol infrastrukturlarının və ictimai məkanların yaradılması şəhər mühitinin müasirləşdirilməsinə xidmət edir. Xüsusilə son dövrlərdə şəhərlərin memarlıq görünüşünün yaxşılaşdırılması, tarixi abidələrin bərpası və müasir memarlıq nümunələrinin inşası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Şəhərsalma və memarlıq sahəsində diqqət çəkən ən mühüm istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Bu ərazilərdə müasir şəhərsalma standartlarına uyğun olaraq yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur və innovativ texnologiyalardan istifadə edilir. Bu proses yalnız fiziki bərpa deyil, həm də sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm rol oynayır. Yeni tikilən şəhər və kəndlərdə ekoloji balansın qorunması, alternativ enerji mənbələrindən istifadə və müasir urbanistik yanaşmalar əsas prioritetlərdən hesab olunur.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif elmi konfransların, sərgilərin, seminarların və maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bu tədbirlər memarlıq sahəsində yeni ideyaların müzakirəsinə, gənc memarların və mütəxəssislərin inkişafına, həmçinin beynəlxalq təcrübənin öyrənilməsinə geniş imkanlar yaradır. Belə təşəbbüslər ölkədə memarlıq mədəniyyətinin inkişafına və şəhər mühitinin daha keyfiyyətli şəkildə formalaşdırılmasına mühüm töhfə verir.

Nəticə etibarilə, şəhərsalma və memarlıq cəmiyyətin sosial rifahına birbaşa təsir göstərən strateji sahələrdən biridir. Şəhərlərin planlı inkişafı, tarixi memarlıq irsinin qorunması və müasir texnologiyaların tətbiqi Azərbaycanın gələcək inkişafında önəmli rol oynayır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi isə bu sahənin inkişafına verilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, ölkədə daha rahat, təhlükəsiz və estetik şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

 Xəyal EYVAZOV

Naxçıvan MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri