Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb

15 Aprel 2026

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişikliləri imzalayıb.

Qeyd edilib ki, vətəndaşlar ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Əvvəlki qanuna əsasən, bu, 3 gün idi.

Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

Sənədə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.