Komitənin kollektivi şəhid ailəsini ziyarət edib -

Komitənin kollektivi şəhid ailəsini ziyarət edib - FOTO

27 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid Ərtoğrul Nadirlinin ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. 

Şəhid Ərtoğrul Nadirlinin ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.

Xatırladaq ki, Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Daha sonra Komitənin kollektivi Sədərək rayonundakı Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.