
Medianın dövlət xidmətlərinin təşviqində rolu müzakirə olundu - FOTO
Mayın 30-da Naxçıvan regional "ASAN xidmət" mərkəzində “Dövlət xidmətlərinin təşviq edilməsində medianın rolu” mövzusunda təlim keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Təlim Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Təlimin əsas məqsədi – ictimai xidmətlərin daha effektiv təşviqində medianın funksional imkanlarını və məsuliyyətini dəyərləndirmək, eyni zamanda jurnalistlərin dövlət qurumları ilə əməkdaşlığını gücləndirmək olub. Təlimi ASAN Radio və ASAN TV-nin direktoru Əməkdar jurnalist Emin Musavi aparıb.
O, media və dövlət xidmətləri arasında qarşılıqlı əlaqənin əhəmiyyətindən danışaraq bildirib ki, şəffaflığın təmin olunması, ictimaiyyətə düzgün və dolğun məlumat ötürülməsi medianın üzərinə düşən mühüm vəzifələrdəndir. Emin Musavi həmçinin müasir kommunikasiya vasitələrinin imkanlarından istifadə edərək ictimai xidmətlərin cəmiyyətə daha effektiv şəkildə çatdırılmasının yollarını iştirakçılarla bölüşüb.
Təlimdə ümumilikdə 21 dövlət qurumundan 45 nəfər iştirakçı – jurnalistlər, dövlət qurumlarının nümayəndələri və kommunikasiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Sonda təlim iştirakçıları mövzu ətrafında suallarını səsləndirib, interaktiv müzakirələr aparılıb və real nümunələr əsasında media-dövlət əməkdaşlığının təkmilləşdirilməsi yolları dəyərləndirilib.
