
Naxçıvanda “Uşaqların Rəngli Dünyası” Festivalı 2025 keçirilib - FOTO, YENİLƏNİB
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların Rəngli Dünyası” Festivalı 2025 keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlət və hökumət nümayəndələri, ictimai təşkilatlar, uşaq bağçaları, musiqi məktəbləri, yaradıcı kollektivlər, ictimaiyyət üzvləri, uşaqlar, valideynlər iştirak ediblər. 200-ə yaxın uşaq “Böyük bağ” adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi Seyrəngahına yürüş edib.
Bayram festivalında əvvəlcə uşaqlara daim böyük qayğı göstərən Ümummilli Liderimiz Heydər Əliyevin “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində yerləşən büstü önünə gül dəstələri qoyulub.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Mudayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının, dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqların o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə möhtəşəm festivalın keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir.
Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları tərəfindən kompozisiya nümayiş etdirilib. Daha sonra təhsil sahəsində fərqlənən şagirdlərin mükafatlandırılması olubdur. Həmçinin uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nümunələri ilə çıxış ediblər, maraqlı tamaşalar və personajların iştirakı ilə əyləncələr təşkil olunub.
Festival çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinin uşaqlarına, sağlamlıq imkanları məhdud balacalara və festivalda iştirak edən uşaqlara hədiyyələr təqdim olunub. Festival çərçivəsində yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər uşaqlarda böyük maraq yaradıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi də öz fəaliyyətləri ilə festivala töhfə veriblər. Eyni zamanda iştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri də təşkil olunub.