Naxçıvanda hemodializ xidmətlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir -

Naxçıvanda hemodializ xidmətlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir - FOTO

18 İyun 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində hemodializ xidmətlərinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, 17 İyun Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Şərur Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şərur Rayon Mərkəzi Xəstəxanası və Kəngərli Rayon Mərkəzi Xəstəxanasına müasir standartlara cavab verən  hemodializ cihazları və hemodializ kresloları təhvil verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak edib. O çıxış edərək bildirib ki, müasir tibbi avadanlıqlarla təminat hemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.Səhiyyə sahəsində maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində görülən işlər qarşıdakı dövrdə də davam etdiriləcək, bütün bölgələrdə tibbi xidmətlərin eyni səviyyədə təşkili təmin olunacaqdır.