
Naxçıvanda iki dönərxanada ciddi nöqsanlar aşkarlanıb – FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı iki dönərxanada ciddi qanun pozuntuları aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlamalar zamanı məlum olub ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2D, ev 1 ünvanında Məhərrəmov Kamran Şəmil oğluna məxsus “Mehrunun dönəri” dönərxanasında əvvəlki günlərdə hazırlanmış və istehlaka yararsız hesab edilən bişmiş dönər məhsulları növbəti gün alıcılara təqdim olunub.
Digər pozuntu isə Naxçıvan şəhəri, İstiqlal küçəsində Musayev Qadir Qabil oğluna məxsus dönərxanada qeydə alınıb. Müəyyən olunub ki, burada məhsulun hazırlanması və satışı zamanı gigiyenik qaydalara əməl olunması üçün zəruri şərait mövcud deyil.
Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün sahibkarlara müvafiq göstərişlər verilib və obyektlərin fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, bu kimi halların təkrarlanmaması məqsədilə dönərxana sahibləri dəfələrlə maarifləndirilib və onlara zəruri təlimatlar təqdim olunub.
İstehlakçı hüquqlarının qorunması və ictimai iaşə obyektlərində qida təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirləri istirahət və bayram günləri də daxil olmaqla davam etdirilir.