
Cinayət işi ittiham aktı ilə prokurora daxil olduqda hansı qərarları qəbul etməlidir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət işi ittiham aktı ilə prokurora daxil olduqda hansı qərarları qəbul etməlidir?
Cavab: Cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:
1. cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmək və ittiham aktını təsdiq etmək;
2. öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək;
3. CPM-nin 467-9.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün işi məhkəməyə göndərmək;
4. əlavə ibtidai istintaq aparılması və ya ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işinin öz göstərişləri ilə müstəntiqə qaytarmaq;
5. cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq;
6. cinayət işi üzrə icraatı dayandırmaq;
7. cinayət işi üzrə icraata xitam vermək.
İttihama əlavələr edilməsi və ya onu faktiki hallarına görə əvvəl elan edilmiş ittihamdan əhəmiyyətli surətdə fərqləndirən, yaxud daha ağır ittihamla əvəz edilməsi üçün əsaslar olduqda əlavə edilmiş və ya dəyişilmiş ittihamın təqsirləndirilən şəxsə elan edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini müstəntiqə qaytarmalıdır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov