Naxçıvanda bir sıra ictimai iaşə obyektlərinin fəaliyyəti bu səbəbdən məhdudlaşdırıldı -

Naxçıvanda bir sıra ictimai iaşə obyektlərinin fəaliyyəti bu səbəbdən məhdudlaşdırıldı - FOTO

15 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri nəticəsində qida təhlükəsizliyi sahəsində ciddi nöqsanlar aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ə.Əliyev küçəsində yerləşən “Cahan” ticarət mərkəzində fəaliyyət göstərən qutab, peraşki və digər fast food satışı ilə məşğul olan bir sıra obyektlərdə, “Bazar gölü” ərazisindəki dönərxana və kabab satışı üzrə ictimai iaşə xidmətlərində, həmçinin meyvə-tərəvəz və qarışıq çərəzlərin satıldığı ticarət obyektlərində texniki normativ hüquqi aktların tələblərinə və sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib.

Eyni zamanda, Atabəylər məhəlləsində fəaliyyət göstərən “Real dönər” dönərxanasında da oxşar nöqsanlara yol verildiyi aşkarlanıb.

Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə müvafiq göstərişlər verilib və nöqsanlar tam aradan qaldırılanadək həmin obyektlərin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə təhlükəsiz və keyfiyyətli qida məhsullarının təqdim olunması üçün nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirir.