
Naxçıvanda restoran və kafe sahiblərinin öz obyektlərinə qarşı məsuliyyətli davranışı niyə yoxdur?
Bu gün dünyada hər il 1,4 milyon insan gigiyena və sanitariya çatışmazlığı səbəbilə həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, təhlükəli və gigiyenasız qidalar nəticəsində hər il 600 milyon insan xəstələnir, bu da hər 10 nəfərdən birinə bərabərdir. Nəticədə, 420 min nəfər həyatını itirir ki, onların təxminən 125 mini 5 yaşdan aşağı uşaqlardır. Bu faktlar göstərir ki, gigiyena sadəcə estetik deyil, birbaşa həyat və ölüm məsələsidir. Təhlükənin mənbəyi isə çox zaman gündəlik istifadə etdiyimiz restoranlar, kafelər, dönərxanalar və digər iaşə obyektləridir.
Son illərdə Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlıq mühiti əhəmiyyətli dərəcədə inkişaf edib. Dövlət tərəfindən həm hüquqi baza gücləndirilib, həm də biznesin inkişafı üçün müxtəlif vergi güzəştləri, subsidiyalar və kredit imkanları yaradılıb. Eyni zamanda, infrastrukturun müasirləşdirilməsi, turizm obyektlərinin bərpası regionun iqtisadi dinamizmini daha da gücləndirib. Nəticədə, bölgədə yüzlərlə yeni iaşə obyekti - kafe, restoran, çayxana və digər xidmət müəssisələri fəaliyyətə başlayıb.
Naxçıvanın zəngin tarixi-mədəni irsi, sağlam iqlimi və müalicəvi su ehtiyatları regionu ölkə daxilində və xaricdə turistlər üçün cəlbedici edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə bölgənin həm iqtisadi, həm də logistik imkanlarını genişləndirəcək, turizm axınını daha da artıracaq. Bu baxımdan, iaşə sektorunun inkişaf etdirilməsi, xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması xüsusi aktuallıq kəsb edir.
Lakin müşahidələr göstərir ki, bir çox yeni açılmış kafe və restoranlarda xidmət səviyyəsi hələlik istənilən səviyyədə deyil. Müştərilərin qarşılanmasında səmimiyyət və peşəkarlıq çatışmır. Bəzi hallarda sifarişlərin qəbulunda və çatdırılmasında gecikmələr baş verir, menyu haqqında düzgün və ətraflı məlumat verilmir, personalın peşə hazırlığı zəifdir. Bütün bunlar isə turistlərdə və yerli müştərilərdə mənfi təəssürat yaradır, obyektlərin reputasiyasına xələl gətirir.
Lakin bu sahədə aid qurumların da iştirakı ilə müəyyən tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvanda xidmət mədəniyyətinin keyfiyyəti artar, sahibkarlığın dayanıqlı inkişafı təmin olunaraq regionun turizm potensialı daha səmərəli reallaşdırılar. İaşə obyektləri isə yalnız kommersiya subyekti kimi deyil, həm də regionun iqtisadi və mədəni simasının ayrılmaz tərkib hissəsinə çevrilə bilər.
Ancaq təəssüf ki, bu obyektlərin çoxu görünən tərəfi - interyeri, reklamı və vizual təqdimatı ilə diqqət çəksə də, görünməyən tərəfində gigiyena, təhlükəsizlik və xidmət səviyyəsində ciddi boşluqlar var.
Şəhərimizdə fəaliyyət göstərən əksər restoran və kafelərdə əsas gigiyena qaydalarına əməl olunmadığını müşahidə etmək mümkündür. Xidmət zamanı əlcəksiz iş, baş örtüyü olmadan mətbəxdə fəaliyyət, dezinfeksiya vasitələrindən istifadə olunmaması və ya formal yanaşma - bu hallara gündəlik rast gəlinir.
Yaxşı dizayn edilmiş, müasir görünüşlü obyektlər xoş təəssürat yaratsa da, bu, reallığı manipulyasiya edir: əksər hallarda görünən parıltının altında görünməyən təhlükə yatır.
Müştərilərin girişinə qadağan olunmuş mətbəxlərdə şəffaflıq prinsipi ya tətbiq edilmir, ya da ciddi şəkildə pozulur. Halbuki məhz bu sahələr qida təhlükəsizliyi baxımından ən kritik nöqtələrdir.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sahədə planlı və plandankənar yoxlamalar həyata keçirilir. Nəzarət tədbirləri zamanı ən çox rast gəlinən pozuntular sanitar-gigiyenik qaydalara əməl olunmaması, temperatur rejiminin düzgün saxlanılmaması və mal qonşuluğu prinsipinin pozulmasıdır.
Təkcə 2025-ci ilin ilk altı ayı ərzində aparılan dövlət nəzarəti zamanı uyğun olmayan və istifadəyə yararsız 31 880 ədəd və 10 798,4 kq qida məhsulu məhv edilmiş, 982 ədəd və 1081,36 kq məhsul isə utilizasiya olunmuşdur. Bu rəqəmlər antisanitariya və məsuliyyətsizliyin miqyasını açıq şəkildə ortaya qoyur.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinindən rəsmi açıqlama da aldıq. Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin əməkdaşı Mirfərid Seyidli “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində bildirdi ki, yoxlamalar zamanı tez-tez eyni pozuntulara rast gəlinir və bu da göstərir ki, bəzi sahibkarlar tətbiq edilən inzibati tədbirləri yalnız cərimə kimi qəbul edir, problemin mahiyyətinə varmırlar. Halbuki dövlət tərəfindən hərtərəfli şərait yaradılıb, nəzarət var, hüquqi baza var – sadəcə sahibkarın öz obyektində məsuliyyətli davranışı yoxdur.
Qida sektorunda çalışan şəxslərin işə qəbul edilməzdən əvvəl və işlədikləri müddət ərzində tibbi müayinədən keçməsi qanunvericiliyin tələbidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli Qərarı ilə bu tələb yeyinti sənayesi, ictimai iaşə və ticarət kimi sahələr üçün məcburidir. Lakin bu tələblərə əməl edilməməsi halları da geniş yayılıb.
Qida təhlükəsizliyinin təminatında yalnız dövlət orqanlarının yox, ictimaiyyətin və hər bir vətəndaşın da üzərinə məsuliyyət düşür. Antisanitariya halları ilə qarşılaşan vətəndaşlar bu halları susqunluqla qarşılamamalıdır.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə ictimai iştirakçılığı təşviq edir. Vətəndaşlar qida təhlükəsizliyi ilə bağlı rastlaşdıqları hər hansı uyğunsuzluğu Agentliyin (036) 545-28-83 nömrəsinə zəng edərək və ya info@nfsa.gov.az elektron poçtuna yazarq bildirə bilərlər.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı
