
“Şahin” hərbi-idman oyununda Naxçıvanı təmsil edəcək komanda bəlli olub - FOTO
Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika zona birinciliyinin final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla 8 komanda iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkilatçı qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, “Şahin” hərbi-idman oyununun təşkilində başlıca məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Yarış iştirakçıları sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ üzrə 10 ballıq sistem üzrə qiymətləndirmə aparılıb və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla, ümumi şəkildə hesablanıb.
Nəticələrə əsasən ən yüksək göstərici Kəngərli rayon Xok kənd tam orta məktəbinin komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubad rayonu Sabirkənd kənd tam orta məktəbini və Babək rayonu Şıxmahmud kənd tam orta məktəbini təmsil edən heyətlər yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun ölkə üzrə final mərhələsi iyun ayında Bakı şəhərində reallaşacaq.