
Cəmşid Naxçıvanskinin 130 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə general-mayor Cəmşid Naxçıvanskinin 130 illik yubileyi münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov naxçıvanskilər irsinə dövlət qayğısından danışaraq bildirib ki, Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsində və muzeyinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Qeyd olunub ki, ölkəmizdə Cəmşid Naxçıvanski irsi xüsusi dövlət qayğısı ilə əhatə olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamı, Cəmşid Naxçıvanski Muzeyinin əsaslı təmiri və bərpası Cəmşid Naxçıvaski irsinə dövlət qayğısının bariz nümunəsidir.
AMEA Naxçıvan Bölməsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Milli hərb tariximizin novator sərkərdəsi - Cəmşid Naxçıvanski" mövzusunda çıxış edərək Sərkərdənin uşaqlıq və gənclik illərindən, keçdiyi şərəfli döyüş yolundan və hərbi-pedaqoji fəaliyyətindən ətraflı bəhs edib. Bildirilib ki, Cəmşid xan 43 ilik ömrünün 26 ilini hərb sənətinə sərf edərək sıravi əsgərdən general rütbəsinədək yüksəlib.
Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev “Naxçıvanskilər irsinin təbliğində Cəmşid Naxçıvanski Muzeyinin rolu” mövzusunda çıxış edərək qeyd edib ki, Cəmşid Naxçıvanski məktəbi yeni gələn nəsillərə vətənpərvərlik təlimi aşılayır. Milli hərb tariximizi yaradan görkəmli şəxsiyyətlər, Milli Qəhrəmanlarımızın mübariz həyat hekayəsi muzey əməkdaşları tərəfindən fəxrlə təbliğ olunmaqdadır.
Xan Sarayı, Möminə xatun və Açıq Səma Altında Muzey kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyə Əliyeva “Milli hərb tariximizdə Naxçıvanskilər” mövzusunda çıxış edərək, Kəngərli - Naxçıvanskilər- nəslinin yetirdiyi 6 generaldan bəhs edib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.