
Vaşinqton razılaşması Naxçıvanı Qafqazın strateji mərkəzinə çevirir
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətli üçtərəfli görüş keçirildi. Vaşinqton görüşü, əslində, 30 ilə yaxın davam edən gərginlik və müharibələr dövründən sonra yeni geosiyasi reallığın rəsmiləşdirilməsidir. Burada bir neçə vacib məqam var. Birincisi, ABŞ-ın vasitəçi qismində çıxış etməsi Cənubi Qafqazın beynəlxalq gündəmdəki çəkisini artırır. İkincisi, Azərbaycan diplomatiyası bu görüşlə həm sülh prosesini sürətləndirdi, həm də strateji maraqlarını təmin etdi. Üçüncüsü, Zəngəzur dəhlizi ilə bağlı açıq və qəti mövqenin Vaşinqton sənədinə salınması, artıq bu layihənin təkcə regional deyil, beynəlxalq status qazandığını göstərir.
Təbiidir ki, bu razılaşmanın Naxçıvan üçün konkret strateji üstünlükləri danılmazdır. Naxçıvan üçün bu razılaşmanın əhəmiyyəti çoxşaxəlidir. Geostrateji baxımdan Naxçıvan həm Türkiyə, həm İran, həm də Ermənistanla həmsərhəddir. Zəngəzur dəhlizinin açılması Naxçıvanı Bakı ilə birləşdirərək, onu regionun nəqliyyat və logistika qovşağına çevirəcək. İqtisadi baxımdan bu, blokada illərini bir azda olsa arxada qoymaq, ixrac və idxal imkanlarını genişləndirmək, xarici sərmayəni cəlb etmək deməkdir. Siyasi baxımdan isə Naxçıvan, Azərbaycan dövlətçiliyinin Qərb və Şərq arasında körpü rolunun canlı nümunəsi olacaq.
Ən önəmli məqamlardan biri odur ki, sənəddə Naxçıvanın “Azərbaycan Respublikasının ayrılmaz hissəsi” kimi statusunun təsdiqlənməsi ayrıca vurğulanıb. Bu, beynəlxalq hüquq baxımından çox mühüm təminatdır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın çıxışında Naxçıvanın tarixi və strateji mövqeyini xüsusi qeyd etməsi diplomatik mesaj idi. Bu, Naxçıvanın artıq təkcə regional yox, qlobal səviyyədə tanınan strateji aktora çevrilməsi deməkdir.
Ermənistanın bu razılaşmanı imzalaması onu göstərir ki, onlar da reallığı qəbul ediblər. Naxçıvanı Azərbaycandan ayırmaq siyasəti artıq keçmişdə qaldı. İndi gündəmdə qarşılıqlı iqtisadi fayda və sərhəd təhlükəsizliyi məsələləri dayanır. Bu isə regionda uzunmüddətli sülhün əsas şərtidir. Ermənistan baş naziri Nikol Paşinyan qeyd edir ki, biz bu iki dövlət arasında təhlükəsiz iqtisadi əlaqələri təmin edəcəyik.
Bundan əlavə, bəyənnamədə 907-ci düzəlişin ləğv olunması da qeyd olunur. ABŞ-ın Azərbaycana yardımını qadağan edən, erməni lobbilərinin təsiri ilə qəbul edilmiş ədalətsiz qərar idi. Vaşinqton görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması bu düzəlişin siyasi mənada artıq qüvvədən düşdüyünü göstərir.
Digər əsas qərar isə Minsk Qrupunun ləğvi ilə bağlı olan bənddir. Minsk Qrupu münaqişəni uzatdı, nəticə vermədi. Onun bağlanması münaqişənin beynəlxalq gündəmdən çıxarılması və proseslərin birbaşa tərəflər arasında həll olunması deməkdir.
ABŞ-ın ümumi bəyənnamə prosesinə şahidlik etməsi Rusiya və digər güclərin bölgədəki təsir balansına yeni çalarlar gətirir. Bu, Azərbaycan üçün əlavə diplomatik manevr imkanları deməkdir. Biz təkcə region dövlətləri ilə deyil, dünya gücləri ilə də strateji əməkdaşlıq qururuq. Bu baxımdan, Vaşinqton görüşü həm siyasi, həm də diplomatik zəfərdir.
Bu görüş Naxçıvan üçün yeni bir səhifə açır. İllərlə davam edən blokada və təcrid siyasəti artıq tarixə qovuşur. Qarşımızda böyük imkanlar var. İqtisadi inkişaf, sosial rifah, beynəlxalq əməkdaşlıq. Biz bu fürsətləri dəyərləndirmək üçün hazır olmalıyıq. Naxçıvan artıq regionun açarıdır və bu açar Azərbaycanın əlindədir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı