
“İntellekt dalğası regionlarda” layihəsi başa çatıb - FOTO
Avqustun 9-da Naxçıvan şəhərindəki “Saat meydanı” istirahət mərkəzində “İntellekt Çempionatı”nın böyük finalı keçirilib və “İntellekt dalğası regionlarda” layihəsinə yekun vurulub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov giriş sözü ilə çıxış edərək qeyd edib ki, “Estafet” Gənclərin İctimai Birliyinin layihəsinə əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihə Naxçıvan Muxtar Respublikasının 7 rayonunda gəncləri bir araya gətirib. Layihə gənclərin həm yeni biliklər əldə etməsinə, dünyagörüşlərinin artmasına, həm də gənclər arasında dostluq, əməkdaşlıq və komanda ruhunun gücləndirilməsinə xidmət edib. Layihədə ümumilikdə 300 gənc təmsil olunub ki, onlardan 135-ni kişilər, 165-ni qadınlar təşkil edib.
Çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin sədri Ülkər Bayramova deyib ki, keçirilən bu cür layihələrlə gənclər daha çox oxumağa, araşdırmağa və öyrənməyə təşviq olunur. Bu layihə gənclərin intellektual inkişafına və sosial əlaqələrinin gücləndirilməsinə yönəlmiş çox gözəl bir təşəbbüsdür. Regionlarda yaşayan gənclərin biliklərini artırmaq, analitik düşünmə qabiliyyətlərini inkişaf etdirmək və yeni biliklər əldə etmələrini təmin etmək onların gələcək uğurlarına böyük töhfələr verə bilər.
Sonra region birinciləri olan 7 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın böyük finalı keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumidünyagörüşünü əhatə edən 36 sual səsləndirilib.
Yarışın nəticələrinə əsasən 1-ci yeri Şahbuz rayonunu təmsil edən "Xarıbülbül" komandası, 2-ci yeri Ordubad rayonunu təmsil edən "Turan" komandası, 3-cü yeri isə Babək rayonunu təmsil edən "Ulduz" komandası tutub. Qaliblərə diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.