
Vaşinqton görüşü: Prezident İlham Əliyevin uzaqgörənliyinin təzahürü
Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi müdrik siyasəti sayəsində Azərbaycan-ABŞ münasibətlərində irəliləyiş özünü göstərib. ABŞ ilə diplomatik əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığın qurulması dahi Öndərin xarici siyasətində mühüm yer tuturdu. Bu xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək iki ölkə arasında strateji tərəfdaşlıq ən yüksək səviyyəyə çatdırılıb.
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə rəsmi səfəri və səfəri çərçivəsində Ağ Evdə keçirdiyi görüşlər ölkəmizin xarici siyasət tarixində əlamətdar hadisə kimi yadda qaldı. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm Ermənistan-Azərbaycan sülh gündəliyinin reallaşmasında, danışıqlar prosesinin intensivləşməsinə və regionda davamlı sülhün bərqərar olması istiqamətində əhəmiyyətli addım oldu, həm də region və dünya miqyasında Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi qarşıdurmalar, enerji resursları uğrunda rəqabət və yeni iqtisadi çağırışlarla xarakterizə olunur. Belə bir şəraitdə Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı, aparılan danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi onun beynəlxalq siyasətdə balans və praqmatizm prinsipinə sadiqliyinin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Görüş zamanı iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlığın gücləndirilməsinə hesablanıb. Bununla yanaşı, ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da mühüm əhəmiyyət daşıyır. İki ölkə arasındakı əlaqələrdə mənfi rol oynayan 907-ci düzəlişin tətbiqinin dövlət başçımız cənab İlham Əliyevlə görüş zamanı Donald Tramp tərəfindən dayandırılması xüsusi əhəmiyyətə malikdir.
Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq”.
Cənab İlham Əliyevin ABŞ səfəri, eyni zamanda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşma prosesi çərçivəsində də mühüm nəticələrlə yadda qaldı.
Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı. Həmçinin, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalandı. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamədə ölkəmizin irəli sürdüyü sülh gündəliyi təsdiq edildi. Ermənistan tərəfində isə sülhün təmin olunması üçün yerinə yetirməli olduğu konkret öhdəliklər qalmaqdadır: Söhbət Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir.
Birgə Bəyannamədə qeyd olunan mühüm məqamlardan biri isə iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasıdır. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Bu, Prezident Donald Trampın Ağ Evdə mətbuata bəyanatla çıxışında da öz əksini tapır: “Ermənistan və Azərbaycan ticarətə başlamaq, diplomatik münasibətləri bərpa etmək, suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə fəaliyyət göstərəcəklər... Bəyannamədə də qeyd olunur ki, - əslində, bu, mənim üçün böyük şərəfdir, - məhz Tramp marşrutu - sülh və rifah marşrutu Ermənistanın suverenliyinə hörmətlə yanaşaraq Azərbaycanın, eyni zamanda, Naxçıvan ərazisinə tam çıxışını təmin edəcək”.
Cənab Prezidentin həyata keçirdiyi xarici siyasət və qeyd etdiyi “Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir. Biz həm də qarşılıqlı əlaqə istəyirik. Biz bütün region üçün, Ermənistanın özü üçün çoxlu imkanlar açacaq təhlükəsiz dəhliz vasitəsilə ölkəmizin iki hissəsi arasında inteqrasiyanı istəyirik”, ifadəsi vaxtilə Ulu Öndərin dediyi “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”, fikirlərinin əyani təsdiqidir. Bu, Azərbaycanın sülhə, əməkdaşlığa və regionun inkişafına sadiqliyinin davamlı və prinsipial ifadəsidir.
Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvinə razı olması, ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi Prezident cənab İlham Əliyevin uzaqgörənliyinin təzahürüdür.
Azərbaycanın ABŞ ilə əlaqələrinin inkişafında əsas mərhələ sayılan 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatik strategiyasının növbəti uğurudur. Bu səfər və görüşlər Azərbaycanın regionda mövqeyini daha da gücləndirməklə yanaşı, ölkənin gələcək inkişafı üçün yeni perspektivlər açdı. Qətiyyətli və məsuliyyətli lider kimi Prezident cənab İlham Əliyev görüşdə milli maraqların qorunmasında kompromisə getmədən, regionda sülhün bərqərar olunması üçün real addımların atılmasını təmin etdi. ABŞ Prezidentinin vasitəçiliyi ilə əldə olunan razılaşmalar Azərbaycanın diplomatik çevikliyini və strateji maraqlarını uğurla birləşdirməsinin bariz nümunəsidir.
Xüsusilə, 907-ci düzəlişin ləğvi ilə ABŞ-la əlaqələrdə yeni səhifə açıldı, bu da iqtisadi və hərbi əməkdaşlıqda böyük imkanlar yaradacaq. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz əlaqəsinin təmini üçün Ermənistanın üzərinə götürdüyü öhdəlik isə həm milli bütövlüyümüzün möhkəmlənməsinə, həm də regionda etimad mühitinin güclənməsinə xidmət edir.
Vaşinqton səfəri ilə Azərbaycanın diplomatik iradəsi bir daha beynəlxalq aləmə nümayiş etdirildi, bununla da ölkəmiz regional lider kimi mövqeyini daha da möhkəmləndirdi.
Qəzənfər ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı