Əbədi müstəqilliyimizin qarantı

Əbədi müstəqilliyimizin qarantı

26 İyun 2025

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı, qarantı və milli təhlükəsizliyin əsas dayaqlarından biridir. Ordunun yaradılması hər bir xalqın, müstəqil dövlətin tarixində ən önəmli, iftixar olunası hadisədir. Ordu müstəqillik rəmzidir. Hər bir müstəqil dövlət öz güclü ordusu ilə tanınır, nüfuz qazanır. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən "Hərbi Nazirlik"in yaradılması ilə qoyulmuş, müasir mərhələdə isə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra formalaşdırılmışdır. Hər il 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

O dövrdə ordu quruculuğunda müəyyən uğurlar əldə olunsa da, Cümhuriyyətin 1920-ci ildə süqutu ilə proses dayandırılmış və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması ilə ordu sovet sisteminə inteqrasiya olunmuşdur.

Sovet dövründə Azərbaycan Türklərinə və ümumilikdə Azərbaycan SSR-in ordu sisteminə münasibətdə milli kadr siyasəti, qərarvermə səlahiyyətləri, struktur imkanlar və siyasi etimad məsələləri ilə bağlı ciddi haqsızlıqlar və ayrı-seçkilik hallarına yol verilmişdir. 

Sovet rejimi dövründə Azərbaycan SSR-in özünəməxsus və müstəqil hərbi qüvvə formalaşdırmasına imkan verilmədi. Bütün hərbi strukturlar SSRİ Müdafiə Nazirliyinə tabe edilərək , yalnız Sovet ordusunun hissələri fəaliyyət göstərirdi. Azərbaycan əsilli zabitlər arasında peşəkar və istedadlı şəxslər çox olsa da, onlar daima siyasi nəzarət və ideoloji təzyiqlər altında olurdular. Onlardan sovet sisteminə sadiqlik tələb olunur, milli dəyərlərə və tarixə bağlılıqları şübhə ilə qarşılanırdı.Azərbaycan Türklərinin yüksək hərbi rütbələrə (general və daha yüksək səviyyələr) təyin olunması məhdudlaşdırılaraq İdeoloji və etnik ayrı-seçkilik nəticəsində irəli çəkilməsi əngəllənirdi.Bunların da yeganə məqsədi Azərbaycanın Milli hərbi potensial inkişafının qarşısını almaq idi.

Azərbaycan ərazisində yerləşdirilən sovet hərbi hissələrinin rəhbərliyində əsasən qeyri-azərbaycanlılar, xüsusilə ruslar və ermənilər təmsil olunaraq Azərbaycanlı hərbçilərə qarşı gizli təzyiqlər göstərilirdi.. Ən mühüm hərbi qərarlar Moskvadan verildiyinə görə yerli kadrların bu strukturlarda rəhbərlik mövqelərinə gətirilməsi demək olar ki, mümkün deyildi.

Bu münasibət xüsusilə Qarabağ məsələsində özünü daha qabarıq büruzə verdi. Qarabağ münaqişəsi zamanı Sovet Ordusu qərəzli və ədalətsiz mövqe tutaraq Azərbaycanlı əhalinin müdafiəsinə qarşı laqeydlik nümayiş etdirdi və birbaşa erməni canilərinə dəstək göstərdi.1990-cı ilin 20 Yanvar hadisələrində Sovet ordusunun Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı qətliam törətməsi və 1992-ci il fevralın 25-dən 26-ına keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı bu qərəzin ən acı nümunələrindən biridir.

Azərbaycanda güclü peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Milli Ordumuzun yaradılmasına məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Ümummilli liderimizin səyi nəticəsində 1991-ci ilin sentyabr ayının 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında ilk dəfə olaraq Naxçıvanda Milli Ordunun təməli qoyulmuş, Naxçıvan Müdafiə Komitəsi yaradılmışdır. 1992-ci il sentyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərarın qəbul edilməsi ordu quruculuğu istiqamətində ən böyük tarixi hadisə idi. Həmin ilin oktyabr ayının 9-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin də iştirakı ilə keçirilən ilk hərbi parad da hərb tariximizin qızıl hərflərlə yazılan səhifəsini təşkil edir.

2020-ci ildə 27 sentyabr – 10 noyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində böyük zəfər qazandı. Qarabağ işğaldan azad edildi. Bu müharibə Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və müasir döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və müasir ordularından biridir. Ordunun peşəkarlığı, döyüş qabiliyyəti, texniki təminatı və yüksək mənəvi-psixoloji hazırlığı dövlətin əsas prioritetlərindən biri kimi inkişaf etdirilir. 26 iyun – Silahlı Qüvvələr Günü  Azərbaycan ordusunun sıralarında xidmət edən və qəlbi vətən sevgisi ilə döyünən  oğullarımız, xalqımız üçün fəxr və qürur günüdür. Bu ordu yalnız dövlətin deyil, bütün Azərbaycan Xalqının  ordusudur.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın üzvü statusuna malik olan 

Beynəlxalq  Antiterror Birliyi prezidentinin müşaviri