
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli”: dövlətçilik tarixinə yeni baxış
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyi üçün mühüm tarixi mərhələyə işarədir. Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə bu ilin bu adla qeyd olunması həm hüquqi sistemimizin möhkəmlənməsinə, həm də milli suverenliyimizin bərqərar olmasına verilən önəmin göstəricisidir. Bu mühüm qərar dövlətçilik tariximizin əsas sütunlarını təşkil edən iki əsas dəyərin - konstitusiyalılıq və suverenliyin - daha da möhkəmləndirilməsini hədəfləyir. Bu il həm dövlətçiliyimizin hüquqi təməllərinin formalaşmasına, həm də milli suverenliyimizin gücləndirilməsinə dair mühüm mərhələlərin tamamlandığı dövrə təsadüf edir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmişdir. Bu sənəd ölkənin ali hüquqi aktı kimi dövlət hakimiyyətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı, qanunvericilik və idarəetmə sisteminin əsas prinsiplərini müəyyənləşdirir. Konstitusiya hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin inkişafının əsasıdır. Lakin həmin dövrdə ölkə ərazisinin 20%-ə qədəri işğal altında olduğu üçün Konstitusiyanın hüquqi qüvvəsi bütün ölkə ərazisində bərqərar ola bilməmişdi. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində isə Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək, Konstitusiyanın ölkənin hər qarışında tətbiqini təmin etdi.
Suverenlik Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz beynəlxalq hüquqa əsaslanan müstəqil inkişaf yolunu seçdi. 2020-ci ilin Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycanın dövlət suverenliyinin real və hüquqi təsdiqi oldu. Bu zəfər, eyni zamanda, ölkə daxilində hüquqi sistemin və idarəetmənin təkmilləşdirilməsinə geniş imkanlar yaratdı.
“Konstitutsiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən islahatlar, qanunvericilik təşəbbüsləri və ictimai təşviqat kampaniyaları hüquqi sistemin gücləndirilməsi və vətəndaşların hüquqi maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Hüquq yalnız peşəkarlar üçün deyil, hər bir vətəndaş üçün gündəlik həyatın ayrılmaz hissəsidir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarixi, həm də hüquqi baxımdan ölkəmizin suverenlik və konstitusiyalılıq prosesində xüsusi yerə malikdir. 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaqla bağlı verdiyi qərar Azərbaycanın dövlət müstəqilliyi uğrunda ilk hüquqi addımlardan biri kimi tarixə düşmüşdür. Bu cəsarətli qərar, müstəqil hüquqi düşüncənin və milli iradənin rəmzinə çevrilmişdir.
Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Naxçıvanın muxtar statusu ayrıca qeyd edilmiş, bu bölgənin öz konstitusiyası və idarəetmə orqanları ilə fəaliyyət göstərməsi hüquqi əsaslarla təmin olunmuşdur. Hazırda Naxçıvanda həyata keçirilən hüquqi və institusional islahatlar, vətəndaş cəmiyyəti institutlarının inkişafı bu muxtar regionu ölkənin hüquqi sistemində mühüm dayaqlardan birinə çevirir.
“Konstitusiya və Suverenlik İli” sadəcə bir yubiley tədbiri deyil; bu, Azərbaycan xalqının dövlətçiliyə, hüquqa və milli suverenliyə verdiyi dəyərin ifadəsidir. Bu ilin çərçivəsində həyata keçirilən tədbirlər həm keçmişi xatırlamağa, həm də gələcəyə hüquqi əsaslarla baxmağa imkan verir. Bu təşəbbüs milli həmrəyliyin, hüquqi düşüncənin və demokratik dəyərlərin gücləndirilməsi baxımından mühüm bir mərhələdir. Azərbaycanın hüquqi və siyasi inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu il ərzində atılan addımlar təkcə cari dövr üçün deyil, həm də gələcək nəsillər üçün möhkəm hüquqi baza formalaşdıracaq. Eyni zamanda cəmiyyətin hüquqi maarifləndirilməsi üçün mühüm fürsətdir. Hüquqi maarifləndirmə tədbirləri, ictimai müzakirələr və təbliğat kampaniyaları vasitəsilə hüquq mədəniyyətinin inkişafı təmin olunur. Bu, təkcə keçmişi anmaq deyil, həm də gələcək hüquqi davranış modellərinin formalaşdırılması məqsədi daşıyır. Konstitusiyanın və suverenliyin qorunması yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın üzərinə düşən ümummilli vəzifədir.
Səma AĞAYEVA
Culfa rayon qeydiyyat şöbəsinin rəisi