Qısa vaxtda uca zirvələr fəth edən elm və təhsil ocağı

Qısa vaxtda uca zirvələr fəth edən elm və təhsil ocağı

18 İyun 2025

2025-ci il Naxçıvan Müəllimlər İnstitutu üçün ən əlamətdar illərdən biridir. Bu il institutumuzun fəaliyyətə başlamasının 25 ili tamam olur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu elm ocağında indiyəcən minlərlə gənc təhsil alıb, yüksəkixtisaslı kadr kimi yetişib.

Naxçıvanda ali təhsilin inkişafı, dünya ali təhsil sisteminə inteqrasiyası həmişə Ulu Öndərin diqqətində olmuş, məhz müdrik və uzaqgörən liderimizin qayğısı nəticəsində Naxçıvan Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, Naxçıvan Müəllimlər İnstitutu və elmi fəaliyyətin məbədi, aparıcı sahəsi olan AMEA-nın Naxçıvan Bölməsi yaradılmışdır. Ölkəmiz üçün yüksək potensiala, müasir intellektə, təfəkkürə malik, rəqabət qabiliyyətli kadrlar, ixtisaslı müəllimlər hazırlayan Naxçıvan Müəllimlər İnstitutunun əsası da Heydər Əliyevin prezidentliyi dövründə - 13 iyun 2000-ci ildə qoyulmuşdur. Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli qərarı ilə müstəqil ali məktəb statusu alan institut qısa zamanda böyük inkişaf yolu keçmiş, məzunları ilə ölkəmizin  hər yerində tanınmışdır.

Ulu Öndərin layiqli varisi, siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsil sahəsinə göstərdiyi hərtərəfli, ardıcıl qayğıdan Naxçıvan Müəllimlər İnstitutuna da böyük pay düşmüşdür. Belə ki, yeni, tam təmir edilmiş müasir şəraitli, hər cür müasir maddi-texniki baza ilə təchiz olunmuş institut binası 2018-ci ilin may ayında istifadəyə verilmişdir. Açılış mərasimində dövlətimizin başçısı institutun professor-müəllim heyəti ilə yaxından görüşmüş, səmimi söhbət etmiş və özünün təbrik və tövsiyələrini çatdırmışdır: "İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. …Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi… Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm".

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş institutumuzda 23 adi və 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya mövcuddur. Həmçinin müəssisəmizdə ənənəvi və elektron oxu zalları olan kitabxana, 15 fənn kabinəsi, müxtəlif ixtisaslar üçün emalatxanalar, zəruri inventarlarla təchiz edilmiş tədris fondları professor-müəllim və tələbə kontingentinin ixtiyarına verilmişdir. İnstitutun binasında müəllim və tələbələr üçün ayrıca ictimai iaşə və tibbi xidmət otaqları da yaradılmışdır. Ali təhsil ocağı üçün yenidən yaradılan, müasir avadanlıqlarla təchiz olunan "Məktəb" nəşriyyatının mətbəəsi də fəaliyyət göstərir. Onu da qeyd edək ki, ali təhsil sahəsində ilk dəfə bu institutda professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və "Psixoloji xidmət" laboratoriyası yaradılmışdır. Binada 132 və 20 yerlik iclas zalları da var. Habelə ümumilikdə 158 dəst fərdi kompüter, 16 dəst notbuk və proyektor tələbə və müəllim kontingentinin ixtiyarına verilmişdir. Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Teatr Studiyası, idman klubu və elmi dərnəklər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların sosial həyatının zənginləşdirilməsinə xidmət edir.  

Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsində edilmiş dəyişikliklərə əsasən, Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə Dissertasiya Şurası yaradılmışdır. Bu günə kimi Dissertasiya Şurasında onlarla doktorant və dissertanta elmi-tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək üçün lazımi şərait yaradılmış, onlar öz dissertasiya işlərini uğurla müdafiə edərək müxtəlif elmi dərəcə və elmi adlara layiq görülmüşlər.  

Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat və magistratura səviyyələri üzrə kadr hazırlığı aparılır. Bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, tarix müəllimliyi, məktəbəqədər təhsil, xarici dil müəllimliyi (ingilis dili), riyaziyyat və informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, kitabxanaçılıq və informasiya fəaliyyəti, korreksiyaedici təlim, texnologiya müəllimliyi), magistratura səviyyəsində isə 4 ixtisas üzrə (pedaqogika nəzəriyyəsi və tarixi, təhsildə sosial-psixoloji xidmət, riyaziyyat müəllimliyi, təsviri incəsənət müəllimliyi) və ayrı-ayrı ixtisasların təhsil proqramları əsasında ali təhsilli mütəxəssislər, peşəkar müəllimlər, doktorantura təhsil səviyyəsində isə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanır.

İnstitutun təşkilati strukturunda 2 fakültə - Pedaqoji, Təbiət və incəsənət fakültəsi, Pedaqoji fakültənin nəzdində 5 kafedra (Azərbaycan dili və ədəbiyyat, Pedaqogika və psixologiya, Riyaziyyat və tədris metodikası, Xarici dillər və tədrisi metodikası, Humanitar və ictimai fənlər kafedrası), Təbiət və incəsənət fakültəsinin nəzdində isə 3 kafedra (Ali ryaziyyat və informatika, Ümumi fənlər, İncəsənət kafedraları) fəaliyyət göstərir.

Naxçıvan Müəllimlər İnstitutu yarandığı ildən Pedaqoji fakültə "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə 21 tələbə kontingenti ilə fəaliyyətə başlamışdır. Hazırda fakültədə 730 tələbə təhsil alır. Ümumilikdə institutda 1000-dən çox tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100-dən çox professor-müəllim heyəti məşğul olur. İnstitutda elmi-pedaqoji fəaliyyətlə məşğul olan 105 nəfər müəllimdən 4 nəfəri elmlər doktoru, o cümlədən 3 nəfəri professor, 15 nəfəri fəlsəfə doktoru, o cümlədən 26 nəfəri dosent, 21 nəfəri isə baş müəllimdir.

Mübaliğəsiz demək olar ki, son illərdə Naxçıvan Müəllimlər İnstitutu tədrisin keyfiyyətinə görə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, ali təhsil müəssisəsində daha çox həm maddi-texniki bazanın, həm tədrisin, həm sosial həyatın, həm də elmi fəaliyyətin inkişafında özünü göstərir. Bu gün professor-müəllim və tədrisə köməkçi heyətin gənc kadrlarla əvəzlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Məhz bunun nəticəsində institutun məzunları davamlı olaraq doğma təhsil ocağında işlə təmin olunur, onlara daim lazımi qayğı göstərilir.

İnstitutda semestr imtahanları yazılı formada keçirilir ki, bu da, sözün əsl mənasında, təhsilin keyfiyyətinin yüksəlməsinə, tələbələrin məsuliyyətinin artmasına və özünüdərkin, özünütəhlilin formalaşmasına müsbət təsir göstərir. Təhsil ocağında imtahan sisteminin şəffaflaşdırılması, obyektiv təşkili, tələbə-müəllim münasibətlərinin sadələşdirilməsi, humanistləşdirilməsi və demokratik şəraitdə qurulması inkişafa təsir edən və töhfə verən əsas amillərdən sayılır.

Adlı təqaüdlərin təsis edilməsi, tələbələrin digər həvəsləndirici tədbirlərə cəlb olunması, institut və fakültə rəhbərlərinin tələbələrlə müntəzəm əlaqə saxlaması, görüşlər keçirməsi təhsilalanlarda tədrisə olan marağı daha da artırır, onları ixtisaslarına uyğun mükəmməl təhsil almağa və mənimsədikləri bilik və bacarıqları möhkəmləndirməyə sövq edir. İnstitutda tələbələrin maraq dairəsinə uyğun fəaliyyətlərin genişləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin və məlumat dairələrinin inkişaf etdirilməsi, onların sosial və digər problemlərinin həllinə dəstək və qayğının göstərilməsi, bir sözlə, səmimi təhsil mühitinin yaradılması gənclərimiz üçün  institutu doğma, əziz məkan kimi cəlb edir, abituriyentləri buranı seçməyə, burada təhsil almağa, təhsilini davam etdirməyə təşviq edir.  

Naxçıvan Müəllimlər İnstitutu həm xaricdə, həm də daxildə fəaliyyət göstərən qabaqcıl təhsil müəssisələri ilə daim əlaqələri genişləndirir. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə əsasən, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurum və fondlarla əlaqə yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, qarşılıqlı əməkdaşlıq həyata keçirir.

Həmçinin institut əməkdaşları müxtəlif ixtisaslar üçün dərslik, dərs vəsaitləri, tədris və tədris-metodik ədəbiyyatlar hazırlayır, onları həm xarici, həm də daxili indeksli jurnallarda nəşr etdirirlər. İnstitutun "Elmi əsərlər" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxaq kodla ildə dörd dəfə nəşr olunur.  

Hər tədris ilində təsdiq edilən iş planı və qrafik əsasında fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı elmi-praktik konfranslar (beynəlxalq və respublika), "Heydər Əliyev dərsləri", müşavirələr, elmi-nəzəri seminarlar, müsabiqələr, bilik yarışları keçirilir, dinləyicilər daim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlandırılırlar. Ulu Öndərin irsində Vətən sevgisi, azərbaycançılıq məfkurəsi, dil, milli mədəniyyət sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq, xalqına, dövlətinə sonsuz sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması ən vacib vəzifələrdən sayılır.

İkinci Qarabağ müharibəsi göstərdi ki, məktəblərimizdə təhsil alan gənc nəslin azərbaycançılıq ideologiyası əsasında tərbiyə edilməsi Azərbaycan müəllimlərinin və həmin müəllimləri hazırlayan ali təhsil müəssisələrinin fəaliyyətinin əsasını təşkil edir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan məktəbi, Azərbaycan müəllimi və onların yetişdirdiyi Azərbaycan gəncliyi bu imtahandan üzüağ, alnıaçıq çıxdı. Məhz bu məktəblərdə müəllimlərdən əxlaq, mənəviyyat, düşmənə nifrət dərsi alan, şəhidliyin fəlsəfi anlamını dərk edən gənclər öz qanları, canları bahasına təcavüzkarlara hədlərini bildirdilər, onları təslim aktını imzalamağa məcbur etdilər.

30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qaytarılması tariximizin ən parlaq səhifəsinə çevrildi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə işləri  İlham Əliyev başa çatdıra biləcək". Müzəffər Ali Baş Komandan İlham Əliyev öz siyasi gücü, məntiqi düşüncəsi, milli iradəsi hesabına xalqımızın dəstəyi və yenilməz ordumuzun rəşadəti və şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, torpaqlarımızı düşmən işğalından azad etdi.

Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən, adlarını qızıl hərflərlə tarixə yazan əsgər və zabitlərimiz sırasında Naxçıvan Müəllimlər İnstitutunun tələbə və məzunları da var. 44 günlük savaşda torpaqlarımızın mənfur düşməndən azad olunmasında canlarından keçmiş, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullardan 2 nəfəri - Kamran Hüseynov və Ruhid İslamlı məhz Naxçıvan Müəllimlər İnstitutunu bitirmişlər. Onların əziz xatirəsi qəlblərdə yaşayacaq, şücaəti, rəşadəti tələbə-gənclərə örnək olacaq.

Naxçıvan Müəllimlər İnstitutunun tarixi həm də onu yaradanların, yaşadanların, burada təhsil alan, iş təcrübəsi qazanan tələbələrin, magistrantların və doktorantların, şüurlu həyatını elm və təhsilə həsr etmiş professor-müəllimlərin tərcümeyi-halıdır. İnstitutun tarixinə düşmüş, onun təşkilində, inkişafında və idarə edilməsində xidmətləri olan 4 rektor milli təhsil quruculuğumuzun fədaisidir.

İnstitut əməkdaşlarının səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Hazırda professor-müəllim heyətindən 3 nəfəri Əməkdar müəllim, 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamıdır, 2 nəfəri "Tərəqqi" medalına layiq görülmüş, 2 nəfəri isə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilmişdir.  

Bir sözlə, institutumuz dövlətimizin ali təhsil müəssisələri qarşısında qoyduğu vəzifələri və özünün qəbul etdiyi bütün öhdəlikləri layiqincə yerinə yetirir.

Samirə HƏSƏNOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent