
İnsan Hüquqları Günü münasibətilə keçirilən "Açıq qapı" aksiyası yekunlaşıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu əlamətdar gün münasibətilə elan edilən "İnsan Hüquqları Aylığı" çərçivəsində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarında "Açıq qapı" aksiyası keçirilib.
May-iyun ayları ərzində keçirilmiş aksiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Mədəniyyət, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Dövlət Su Ehtiyatları Agentliyi və Vəkillər Kollegiyası, Naxçıvan Mediasiya Təşkilatı və yerli icra hakimiyyətlərinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, "Açıq qapı" aksiyası zamanı sakinlərin müraciətləri araşdırılaraq mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün rəsmiləşdirilib, qanunvericiliyin müddəaları izah edilib, onlara yazılı və şifahi məsləhətlər verilərək hüquqi yardım göstərilib, ayrı-ayrı dövlət qurumları tərəfindən araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə qeydə alınaraq nəzarətə götürülüb.