
Naxçıvanda yeni yaradılan qurumun təqdimat mərasimi keçirilib - FOTO
İyun ayının 18-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin yaradılması münasibətilə təqdimat mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında baş tutub. Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini Tural Abbasov yeni bölmənin yaradılmasının əhəmiyyətindən danışaraq qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, xidmətin əsas missiyası Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən su və su təsərrüfatı obyektlərindən düzgün istifadə və onların mühafizəsinə nəzarətdən ibarətdir. Bununla yanaşı, normativ hüquqi aktların hazırlanması, sanitariya-gigiyenik, ekoloji və texnoloji tələblərin yerinə yetirilməsinə nəzarət, monitorinqlərin aparılması və ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qurumun əsas fəaliyyət istiqamətlərindəndir.
Təqdimat zamanı Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib, yeni yaradılan qurumun rəhbər heyətinə təyinatlar təqdim olunub. 14 saylı Naxçıvan Regional Bölməsinə Səttar Nəsirov rəis təyin edilib.
Daha sonra çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Şöbəsinin müdiri Ataxan Bədəlov və Hüquq və İnsan Resursları Şöbəsinin müdir müavini Ruslan Salmanov bölmənin funksiyaları, səlahiyyətləri və mövcud qanunvericiliyin tətbiqi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə həmçinin, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqü Əliyev çıxış edərək yeni yaradılan qurumun region üçün əhəmiyyətindən bəhs ediblər və kollektivə uğurlar arzulayıblar.
Tədbirin sonunda çıxış edən Tural Abbasov qeyd edib ki, bu xidmətin yaradılması su ehtiyatlarının istifadəsində illərdir mövcud olan çətinliklərin həllinə təkan verəcək və regionun su təsərrüfatının davamlı inkişafına ciddi töhfələr verəcəkdir.
