
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib - FOTO
Bu gündən ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanıldı.
"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub.
Bugünkü test imtahanında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində çalışan 59 təhsilverən iştirak edib. Prosesin ilk günündə 92 % davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
️Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!